Qadin.NET / İlham Əliyevdən devalvasiya açıqlaması

İlham Əliyevdən devalvasiya açıqlaması

İlham Əliyevdən devalvasiya açıqlaması
"Neft gəlirlərimizin aşağı düşməsi milli valyutamıza da mənfi təsir edib. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin 3 dəfə düşməsidir". 
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində manatın devalvasiyası barədə danışarkən deyib. 
Prezident qeyd edib ki, manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. "Biz il ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq. Gözləyirdik ki, neftin qiyməti sabitləşsin. Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəndə biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Ancaq hazırda neftin qiyməti 36 dollara düşüb". Onun sözlərinə görə, ABŞ-da dollarla bağlı son qərarın da qiymətlərin düşməsinə təsiri olub. Burada həmçinin digər geosiyasi amillərin də təsiri var.
İ.Əliyev hesab edir ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin iqtisadi əsasları yoxdur. "Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb, templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti il ərzində birdən birə 3 dəfə düşsün. Mən şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir, bu siyasətin də məqsədi heç kim üçün sirr deyil. Sadəcə, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir”.Dövlət başçısı deyib ki, bütün bunlara baxmayaraq, bu vəziyyətin fəsadlarını minimum səviyyəyə endirməyə çalışacaqlar. 
O, qeyd edib ki, süni bahalaşmaya yol verənlərə, möhtəkirliklə məşğul olanlara qarşı cəza tədbirləri görüləcək. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lisenziyalarla bağlı ciddi qərarlar qəbul olunub. İqtisadiyyat, maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. İnhisarçılığa qarşı mübarizə tədbirləri görüləcək. Gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək”.

Mənbə: ANS PRESS

23 dekabr 2015
GO BACK