İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri, iqtisadçı ekspert Azər Mehdiyev deyir ki, əslində, bu gözlənilən idi, çünki neftin qiymətinin kəskin ucuzlaşdığı bir vaxtda qonşu ölkələrdə valyutaların devalvasiyaya uğraması Azərbaycan manatının da üzən məzənnə siyasətinə keçməsini zəruri edirdi:
"Bu, o deməkdir ki, dolların məzənnəsi tədricən qalxmaqda davam edəcək. Ölkədə istehlak olunan malların əksəriyyətinin ya idxal olunduğunu, ya da ölkədə istehsal olunan məhsulların komponentlərinin xarici ölkədən gətirilirdiyini nəzərə alsaq, satılan məhsulların qiymətində artım müşahidə olunacağını demək olar. Fevral ayında olan devalvasiyada da qiymət artımı var idi, amma hökumət "süni artım" adı altında bunun qarşısını aldı. Amma bundan sonra necə olacağı bəlli deyil", - deyə Azər Mehdiyev əlavə edib.Ekspert onu da bildirdi ki, əgər hökumət ciddi qiymət artımının olmamasını istəyirsə, mütləq şəkildə ölkəyə mal gətirilməsində olan maneələri və inhisarçılığı aradan qaldırmalıdır.
Millət vəkili Vahid Əhmədov deyir ki, üzən məzənnə siyasəti çoxdan təklif olunurdu. O bildirib ki, bütün dünya hal-hazırda üzən məzənnə siyasətindədir. Bu da neftin kifayət qədər ucuzlaşması, 36 dollar qiymətində olması ilə bağlıdır.
"Devalvasiya fevralda da olub, amma bu devalvasiya ilə o devalvasiya arasında fərq ondan ibarətdir ki, o zaman insanların əmanətlərinin 80% manatla, 20% dollarla idisə, bu dəfə əksinədir. Odur ki, o qədər də təşviş olmayacaq. Bundan sonra təbii ki, bəzi sahələrdə artım olacaq, amma bunun üçün hökumət var, dövlət var, nəzarət mütləq olacaq", - deyə millət vəkili bildirdi.
Mənbə: ANS PRESS