Qadin.NET / İŞİD tərəfindən zorlanan qız dünya liderlərini ağlatdı

İŞİD tərəfindən zorlanan qız dünya liderlərini ağlatdı

 

İŞİD tərəfindən zorlanan qız dünya liderlərini ağlatdı

BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən yezidi əslli suriyalı qız dünya liderlərini ağlatdı. ANS PRESS-in məlumatına görə, 21 yaşlı yezidi Nadya Murad Basi Taha İŞİD əsiriliyində məruz qaldığı işgəncə və zorlamadan danışıb. Basinin çıxışı BMT TŞ-nin 5 daimi üzvü olan ölkələrin (ABŞ, Çin, Rusiya, Fransa və İngiltərə) Suriyadakı sülh prosesi barədə verdikləri qətnamə qərarına da öz təsirini göstərib. 
Gənc yezidi qadın İŞİD terror qruplaşmasının işgəncə və zorlamadan qadınlara qarşı silah kimi istifadə etdiyini deyib: “Zorlamadan, qadın və qızların normal həyata qayıda bilməmələri üçün silah kimi istifadə olunur. İŞİD yezidi qadınları bazarda satılan ətə çevirib.” Yaşadığı kənddən qaçırıldıqdan sonra Mosulda bir evə aparıldığını deyən Nadya Murad minlərlə yezidi qadının İŞİD silahlıları arasında əldən-ələ keçdiyini bildirib: “Məni əvvəl iri cüssəli “canavar” kimi bir nəfər almaq istəyirdi. Hətta o anda da məni döyürdü. Sonra başqa biri gəldi və mən ona, məni alması üçün yalvardım. Çünki digər kişidən çox qorxmuşdum. Amma digər kişi də məni ilk gündən döyməyə başladı. Sonra məni silahlılarla dolu bir otağa atdılar. Özümdən gedənə qədər məni zorladılar.” 
Nadya Murad sonra terror qruplaşmasını zərərsizləşdirmələri üçün dünya liderlərinə yalvarıb. Bəzi iclas iştirakçıları onun çıxışını göz yaşları ilə qarşılayıb. 
“Burdan sizə yalvarıram. Bu terror qruplaşmasını tamamilə yer üzündən silin.” – deyə yezidi qadın çıxışını başa vurub. Ötən həftə BMT TŞ-nin iclasında Suriya ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Təhlükəsizlik Şurası Suriyada münaqişənin sülh yolu ilə nizamlanması üzrə beynəlxalq Suriya dəstək qrupunun "yol xəritəsi"ni təsdiqləyən qətnamə qəbul edib.
Qətnamədə Suriya hökuməti və müxalifətin yanvar ayında görüşlərə başlaması istənilir. Bundan başqa BMT TŞ-nin nəzarətində keçid hökuməti qurulacaq. 

 

Mənbə: ANS PRESS

21 dekabr 2015
GO BACK