Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 17-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizinhərbi qulluqçusu əsgər Kərimov Taleh Saleh oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bu, son dörd gündə Azərbaycan Ordusunun verdiyi üçüncü itkidir. Belə ki, dekabrın 16-da axşam saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizə minaatanlardan atəş açması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Cəfərzadə Rəşad Əlyar oğlu şəhid olub.
Dekabrın 14-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rəhimli Nihad İltifat oğlu həlak olub.
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 80 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Vozaşen, Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub
Goranboy rayonunun Sarıcalı, Şuraabad, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 85 dəfə atəş zərbəsi endirib.
Mənbə: ANS PRESS