ANS PRESS-in məlumatına görə, yas mərasimlərində yol verilən israfçılıq məsələnin qanunvericilik orqanında həll edilməsi zərurətini ortaya çıxarıb. Milli Məclisin yeni yaradılan İctimai birliklər və dini qurumlar komitəsi yas mərasimləri ilə bağlı qanun hazırlamağı planlaşdırır. Komitənin üzvü, millət vəkili Nizami Cəfərovun ANSPRESS-ə açıqlamasına görə, yas mərasimlərində israfçılıq edilməməsi ilə bağlı hələ bir müddət əvvəl də məsələ gündəmə gəlmiş, bununla bağlı müvafiq dini qurumların vətəndaşlara xüsusi tövsiyyələri olmuşdu: “Yas mərasimlərinin keçirilməsi zamanı israfçılığa yol verilməməsi ilə bağlı tövsiyələr, müzakirələr nəticə vermirsə, onda bu sahədə qanunun qəbulu zərurətə çevrilir".
Hələlik bu sahədə digər ölkələrdə mövcud məqsədəuyğun təcrübələrin öyrənildiyini vurğulayan Nizami Cəfərovun fikrincə, yeri gələrsə, digər dinlərdə olan münasib qaydalara da baxılacaq. Millət vəkili yas mərasimlərində rast gəlinən ifrat süfrə bolluğuna xərclənən vəsaitin xeyriyyə məqsədilə sərf edilməsini daha münasib sayır.
Yas mərasimlərinin qanunla tənzimlənməsi məsələsinə hələlik layihə formasında olduğu üçün Qafqaz Müsəlmanları İdarəsi münasibət açıqlamadı. Dini qurum bunun üçün müvafiq zamanın yetişməsini gözləyir.
Mənbə: ANS PRESS