Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.O bildirib ki, risk altında olan uşaqların müvafiq xidmətlərə yönəldilməsi, onların reabilitasiya məsələsi də Uşaq Məcəlləsində nəzərə alınıb.Şöbə müdirinin sözlərinə görə, Uşaq Məcəlləsində valideyn himayəsindən məhrum olmuş uşaqlara geniş yer ayrılıb.T. İbrahimova əlavə edib ki, Uşaq Məcəlləsinin layihəsində mövcud qanunvericilik, eyni zamanda uşaqların fundamental hüquqları ilə bağlı əsas müddəalar öz əksini tapıb: "Uşaq Məcəlləsinin hazırlanmasında əsas məqsəd uşaq hüquqlarının müdafiəsi və təmin edilməsi sahəsindəki qanunvericilik bazasının bir sənəddə toplanmasıdır. Bu sahədə dövlətin üzərinə düşən vəzifələr, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti ilə bağlı müəyyən müddəalar, prosedurlar da qeyd olunub".Komitə rəsmisi qeyd edib ki, Uşaq Məcəlləsinin layihəsinin ilkin variantı hazırdır: "Məcəllənin layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılacaq. Bundan sonra layihə ictimaiyyətə açıqlanacaq".Qeyd edək ki, Azərbaycan Uşaq Məcəlləsi Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının müvafiq bəndinə uyğun olaraq hazırlanıb.
Mənbə: Milli.Az