Ölkədə ailə institutu ilə bağlı məsələlərin tənzimlənməsinə birbaşa cavabdeh dövlət qurumu olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aynur Veysəlovabununla bağlı Milli.Az-a deyib ki, insana qoyulan ad onun sonrakı həyatına, yaşayış tərzinə, fəaliyyətinə də müəyyən qədər təsir edir. Ona görə də valideynlər övladlarına ad seçərkən çox diqqətli olmalı, onun uşaqların psixologiyasına, yaşam tərzinə, sosiallaşmasına necə təsir göstərə biləcəyini düşünməlidirlər: "Məsələn, uşaqlara elə adlar qoyula bilər ki, bu adlar insan böyüdükcə bağçaya, məktəbə, ali məktəbə, işə gedəndə digərlərinin gülüş hədəfinə çevrilməsinə bais ola bilər. Bu da hələ uşaq ikən onlarda psixoloji problemlərin yaranmasına gətirib çıxara, çəkingənlik, cəmiyyətdən qaçmaq və digər komplekslər yarada bilər. Onlar fikirləşəcəklər ki, mütləq müəyyən yaşa çatan kimi öz adlarını dəyişsinlər".Bununla bağlı A.Veysəlova Dövlət Komitəsi adından valideynlərə çağırış edib: "Valideynlərə səslənərək deyirik ki, valideynlər övladlarına ad qoyanda elə ad seçsinlər ki, uşaqlar gələcəkdə öz adlarından utanmasınlar, əksinə, onunla fəxr etsinlər: "Uşaqlara əks cinsdən olan adların qoyulması uşaqlarda ikiqat psixoloji problem yarada bilər. Bəzən bu problemlər elə həddə gətirib çıxara bilər ki, insan hətta intihar edə bilər. Valideynlər çalışmalıdırlar ki, övladlarına ad qoyanda həm nəsildəki insanların adlarını yaşada bilsinlər, həm həmin adın mənşəyini və mənasını yaxşıca öyrənsinlər. Bu məsələlərə ciddi fikir vermək lazımdır. Bəzən biz çox da fikir vermirik, amma bir çox hallarda insana qoyulan ad onun taleyinə, həyatına da təsir edir".Komitə rəsmisi qeyd edib ki, onlar da cəmiyyətdə belə bir problemin yarandığını görür və müəyyən maarifləndirici layihələr həyata keçirirlər. Amma təbii ki, bu yetərli deyil. Ona görə də bu mövzuda hər kəs, ümumilikdə ictimaiyyət diqqətli olmalı, insanlar uşaqlarına anormal adlar qoymaq istəyən və qoyan qohumlarına, yaxınlarına irad və tövsiyələrini bildirməlidirlər.
Mənbə: Milli.Az