Qadin.NET / Xəzərdə güclü yanğın

Xəzərdə güclü yanğın

Xəzərdə güclü yanğın
“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib.
SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olub.
Ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır.
Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasisi ilə təxliyyə işləri həyata keçirilir.
Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.
Xəzər dənizində bu gün həmçinin güclü tufan “Neft daşları”nda qəzaya səbəb olub. ARDNŞ-dən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib. 
Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olub. 
Dənizdə operativ axtarış işlərinə başlanılıb. Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçininXəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və Samir Quliyev yedək gəmisi ilə davam etdirilir. Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır. 

Mənbə: ANS PRESS

4 dekabr 2015
GO BACK