Rergiondakı hərbi-siyasi vəziyyətdən istifadə etməyə çalışan erməni silahlı bölmələri dekabrın 4-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqın etməyə cəhd göstəriblər.
Silahlı Qüvvələrimizin bölmələri düşməni qabaqcadan aşkar edərək onun hərəkətinin qarşısını qətiyyətlə alıblar. Erməni tərəfi xeyli sayda itki verərək geri çəkilməyə məcbur edilib. Hazırda onun itkilərinin sayı dəqiqləşdirilir.
Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin bir giziri yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçu tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.
Müdafiə Nazirliyi bildirir ki, ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və
düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.
Bu son bir neçə gündə cəbhədə ermənilərin yaralaadığı ikinci hərbçimizdir. Daha iki hərbçimiz isə erməni gülləsinin qurbanı olub. Ötən gün gizir Novruzov Fariz Əlabbas oğluqarşı tərəfin atdığı güllənin sapması nəticəsində həlak olub.
Noyabrın 30-da qoşunların təmas xəttində qarşı tərəflə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər İsmayılov Elşən Aydın oğlu şəhid olmuşdu. O doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.
Mənbə: ANS PRESS