Sakinlərin verdiyi məlumata görə, hazırda həmin kəndlərdə qarın hündürlüyü 60 sm-i keçib. Qar yağmaqda davam edir. Yerfi kəndində 55, Talış kəndində 25 və Dərk kəndində isə 30 yaşayış evi var. Qubanın digər yerlərində, Qarxun, Adur, Buduq, Qrız və Xınalıq kəndlərində qarın qalınlığı 40-sm-ə qədər qalxıb. Xınalıq kəndinə gedən yol bağlıdır.Dağlıq ərazilərdə olan 10-dan çox kənddə elektrik enerjisinin verilişi dayandırılıb. Bundan başqa, qar Quba-Xınalıq yolunu bağlayıb. Nəqliyyat Nazirliyinin 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov vəziyyətin kritik olduğunu bildirdi. Yolları çovğun bürüyüb. Ərazidə xidmət edən işçi qrupu və texnikanın yolun açılması işlərinə səhər saatlarında başlayacağı bildirilir.Hazırda Quba rayonunun Qrız Dəhnə kəndindən Xınalıq istiqamətinə 6 kəndə gedən yol tamamilə bağlıdır. Avtomobillər çətinliklə də olsa gedir. Həmin kənddən yuxarıda isə yol tamamilə bağlanıb.Bu gün saat 11 radələrindən şimal rayonlarına qar yağmağa başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadakı ərazi hidrometeorologiya müəssisəsindən verilən xəbərə görə, rayonun əsasən dağ kəndlərinə qar yağmağa başlayıb. Hazırda Qusarın Ləzə, Qubanın Xınalıq, Qrız kəndlərinə güclü qar yağır. 2 gün əvvəl Qubanın Xınalıq kəndində güclü qasırğa müşahıdə olunub. Qasırğadan sonra isə qar yağacağı ilə bağlı səsələnən proqnoz özünü doğrultdu. Hazırda şimal bölgəsinə qar yağması davam edir.Bu gün səhər saatlarından başlayaraq, Daşkəsən, Gədəbəy və Tovuz rayonlarına da güclü qar yağıb. Gəncədə isə günorta saatlarından intensivləşməyə başlayan qar, sulu qarla müşahidə olunur. Dağlıq və dağətəyi bölgələrdə isə yağıntının miqdarı daha çoxdur. Hələlik təbiət hadisəsinin hər hansı fəsada yol açması barədə məlumat yoxdur.
Mənbə: Milli.Az