Qadin.NET / Bakı lərzəyə gələcək - EKSKLÜZİV

Bakı lərzəyə gələcək - EKSKLÜZİV

Bakı lərzəyə gələcək - EKSKLÜZİV
Gələn il Bakıda keçiriləcək Formula-1 ( F1) Avropa Qran-Prisinin "Bakı Şəhər Halqası" adlandırılan yarış trasının arxitektoru ANS-in suallarını cavablandırıb.
ANS PRESS German Tilke ilə müsahibəsini oxuculara təqdim edir.
- Bakı halqasını digər yarış traslarından əsas fərqləndirən cəhətlər hansı olacaq?
- İlk olaraq bu şəhər küçələrində keçən yarışdır. Texniki baxımdan biz deyə bilərik ki,Monako Qran - Prisinə bənzəyir ancaq fərqlər də var. Monako Qran - Prisindən fərqli olaraq, Bakıda keçiriləcək Formula 1 mərhələsində istifadə ediləcək qurğular müvəqqəti olacaq. Müvəqqəti nəzərə tutulan yarış üçün trasın yaradılması isə daha çətin olur. Buna baxmayaraq, Bakı mərhələsinin üstün cəhəti odur ki, biz Bakı şəhərinin tarixi məkanlarını gələn turistlərə və izləyicilərə göstərə biləcəyik. 
- Bakıya gəlməyi nə zamana planlaşdırırsınız və işlərinizi bilavasitə nə vaxtdan həyata keçirməyə başlayacaqsınız ? 
- Bakıya gəlməyi dekabr ayının ortalarından planlaşdırıram , amma mən deyərdim ki, mənim işçi bürom və mütəxəssislər daim Bakı ilə əlaqədə olurlar. 
- Bəs nə zamandan aktiv işlərə, yəni əməli işlərə start veriləcək? 
- Bakı halqası layihəsi son təsdiq üçün Beynəlxalq Avtomobil İdmanı Federasiyasına göndərilib ( FİA) və mənim gəlişim FİA nümayəndələri ilə eyni vaxta təsadüf edəcək. Demək olar ki, ümumi layihə təsdiqlənib, sadəcə bəzi detallar var ki, biz onları dəqiqləşdirməliyik və o detalların üzərində işləməliyik.
- "Zevin" küçəsində və "İçərişəhər" istiqamətində olan döngə, demək olar ki, ən çətin döngə olacaq və orda bolidlər dar olan yerdən keçməli olacaqlar. Bütün bunları nəzərə alıblar? Təhlükəsizlik işini görənlər qəza baş verdiyi zaman vaxtında müdaxilə edə biləcəklər? 
- Bəli haqlısız, çox qeyri-adi və özəl bir yarış trasıdır. Çünki yarış trası "İçərişəhər"də olan dar və yoxuşlu küçələrdən keçir və bu bizim trası daha da özəl edir. Təbii ki, o hissəni keçdikdən sonra bolidlər Prezident Administrasiyası yanından sürətlə aşağı enirlər və Azneft dairəsi istiqamətində sürət yığmağa başlayırlar. Bizim hesablamalarımıza görə bolidlər ,təxmini, saatda 340 kilometrə qədər sürət yığa biləcəklər. Bütün bunlar həm pilotlar ,həm də izləyicilər üçün yarış trekini maraqlı edir.
- Bakıda ən küləkli ay iyun ayı olur. Sizcə küləyin sürətli olması problemlər yaratmayacaq və ümumiyyətlə küləyin sürətindən xəbərdarsınız? 
- Bəli küləyin effekti nəzərə alınıb. Dizaynerlər bunu nəzərə almasa da, bolid texnikləri bunu nəzərə almalıdır. Çünki xüsusi bolidlər hərəkət etdiyi zaman külək arxadan vuracaq və bolidləri önə itələyəcək və beləliklə yerin cazibə qüvvəsi zəifləyəcək. Düzdür, bu yarışı daha da çətin edir, ancaq düşünürəm bu çətinlik yarışı daha da maraqlı və həyacanlı edəcək. Üstəlik Bakı Qran Prisində iştirak edəcək pilotlar dünyanın ən yaxşılarıdır, ona görə də bunun öhdəsindən gəlməlidirlər.

Mənbə: ANS PRESS

28 noyabr 2015
GO BACK