Bəzi kütləvi informasiya vasitələrinin rəhbərlərinə xəbərdarlıq edilib. Baş Prokurorluğunmətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, son dövrlərdə bir sıra kütləvi informasiya vasitələrində “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozulub.
Belə ki, müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında, eləcə də Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə həqiqətə uyğun olmayan, böhtan xarakterli informasiyalar düzgünlüyü yoxlanılmadan yayımlanıb.
Göstərilənlərlə əlaqədar Müstəqil İnformasiya Agentliyi (Mia.az), “Cumhuriyyət”, “Qaynarinfo”, “Gündəminfo”, “Criminal.az”, “Strateq.az”, “İstiqlal.az”, Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və digər kütləvi informasiya vasitələrinin rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq olaraq reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir müddət öncə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcəyini açıqlamışdı.
"Bununla yanaşı, təəssüflə qeyd etmək lazım gəlir ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb. Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən “kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması, məmurların “həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə “əməkdaşlığı” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur".
Ə.Həsənov təəssüflə qeyd edib ki, bəzi hallarda aparıcı KİV-lər də belə dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar.
Mənbə: ANS PRESS