Qadin.NET / Azərbaycan müstəqil siyasət aparan ölkədir

Azərbaycan müstəqil siyasət aparan ölkədir

Azərbaycan müstəqil siyasət aparan ölkədir
Prezident İlham ƏLİYEV: "Bu gün alovlanan bölgədə Azərbaycan sabitlik adasıdır, sülh, əmin-amanlıq məkanıdır"

Müstəqil Azərbaycan bütün sahələrdə əldə etdiyi uğurlarla Cənubi Qafqazın lider dövləti statusuna yiyələnib. Qürur doğuran haldır ki, respublikamız bu gün bütün regional məsələlərdə əsas oyunçulardan biridir, bölgədəki strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər də bu məsələdə Azərbaycanla hesablaşır, onun mövqeyini nəzərə alırlar.
Dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır və nümunə kimi göstərilir. Həm siyasi sahədə, eləcə də beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında dövlətimizin təcrübəsi öyrənilir. Qeyri-neft sektoru ümumi daxili məhsulun 70 faizini təşkil edir ki, bu da son illər aparılan islahatlar nəticəsində mümkün olub. Azərbaycan dünya iqtisadiyyatında yeni təmayülləri hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. Məsələn, Azərbaycan resurslarla zəngin olan ölkələr sırasında enerji səmərəliliyi sahəsində ən yüksək nailiyyət qazanmış və Şərqi Avropada "yaşıl iqtisadiyyat"ın tədqiqini aparan ilk ölkə olmuşdur. Azərbaycanın neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının daha böyük həcmdə dünya bazarlarına çıxarılması ölkəmizin iqtisadi potensialını gücləndirməklə qarşıda yeni perspektivlərə yol açır.
Azərbaycan Prezidentinin yürütdüyü uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan ölkəmizin bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulub. Azərbaycan cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atıb. 
Bu gün dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi problemlər qabarıq şəkildə özünü büruzə verir. Hazırda İraq və Suriya kimi dövlətlər İŞİD terrorçu qruplaşmasının zülmündən əziyyət çəkir. Terrorçuların fəaliyyəti hər iki ölkəni daha böyük fəlakətlərə düçar etməklə yanaşı, digər dövlətlərə də problemlər yaradıb. Suriyada və İraqda İŞİD terrorçu qruplaşmasına qarşı əməliyyatların genişlənməsi böyük humanitar fəlakətə gətirib çıxarıb. Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti - "miqrant böhranı" ilə üz-üzədir. Şimali Afrika, Yaxın və Orta Şərqdən olan köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas üçün Avropaya üz tutub. Avropada humanitar fəlakət gündən-günə artır. İstər Avropada, istərsə də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Lakin iqtisadi böhrana, siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın "sabitlik adası" kimi qalmaqdadır. İqtisadi aktivliyin hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərmiş, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunmuşdur. 

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda bildirib: "Azərbaycan artıq neçə ildir ki, müstəqil siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil fəaliyyət göstərir. Bizim fəaliyyətimiz xalqın milli maraqları üzərində qurulubdur. Bu, bizim üçün əsas şərtdir, əsas vəzifədir və bütün səylərimiz bu məqsədə xidmət göstərir. Əlbəttə, biz də dünyada, bölgədə gedən prosesləri izləyərək çalışmalıyıq ki, ölkəmiz üçün riskləri nə qədər mümkünsə minimum səviyyəsinə endirək və buna nail ola bilirik. Bu gün alovlanan bölgədə Azərbaycan sabitlik adasıdır, sülh, əmin-amanlıq məkanıdır. Azərbaycan vətəndaşları əmin-amanlıq şəraitində yaşayırlar, yaradırlar. Əminəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bu müsbət dinamika, müsbət ab-hava Azərbaycanda daha da güclənəcək".
Qlobal maliyyə böhranının yeni mərhələyə keçdiyi bir şəraitdə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib. Maliyyə resurslarının səmərəli realizəsi hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaratmışdır. Bu baxımdan 2015-ci ilin ilk doqquz ayında da ölkə iqtisadiyyatında müsbət meyillər davam etmişdir. Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur. Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qorumuş, "G-20"yə üzv olan 8 ölkəni qabaqlamış, "Makroiqtisadi vəziyyət" göstəricisi üzrə 10-cu yeri tutmuş, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olmuşdur. Avqust ayında "Fitch" beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu sabit saxlamışdır. Bu günlərdə Beynəlxalq Valyuta Fondu

Azərbaycanın 2015-ci il üçün iqtisadi artım proqnozunu 4 faizədək yüksəltmişdir.
Cari ilin 9 ayında ümumi daxili məhsul 3,7 faiz artmışdır. Aparılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin nəticəsidir ki, qeyri-neft sektorunun real artım tempi 6,4 faiz olmuş, əvvəlki dövrlərdə olduğu kimi, 9 ayda da bu sektorun inkişafı hesabına ümumi iqtisadi artıma nail olunmuşdur. Ümumilikdə qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artmış, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 68,8 faizə çatmışdır. Sənaye 2,1, o cümlədən qeyri-neft sənayesi 10,2, kənd təsərrüfatı 6,7, əhaliyə göstərilən pullu xidmətlər 6,2 faiz artmış, inflyasiya 3,7 faiz təşkil etmişdir. Əhalinin gəlirlərində artım meyilləri davam etmiş və ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 hər nəfərə düşən gəlirlər 4,5 faiz artmışdır. Yanvar-avqust ayları ərzində orta aylıq əməkhaqqı 4,4 faiz artaraq 460 manata yüksəlmiş, 87 min yeni iş yeri açılmışdır. Bütün sosial proqramlar uğurla yerinə yetirilmişdir.

Bu gün Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün proqressiv proqram və konsepsiyalar həyata keçirilir. Cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq hökumətin fəaliyyəti ilə bağlı müntəzəm hesabat verməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalq və Prezident qarşısında məsuliyyətini artırır, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq edir. 2015-ci ilin doqquz ayında iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunmuş, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilmişdir. Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək real büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə imkan vermişdir. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir.

Son illər bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi respublikamızın nüfuzunu daha da yüksəldir. Aşkar görünür ki, Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında ölkəmizdə təşkil olunan beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların da dönmədən davam etdirilməsi, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirmişdir. 

Bunun əsas səbəblərindən biri də xalqımızın tolerantlıq düşüncəsinin yüksək inkişaf səviyyəsidir. Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq qalır. Dövlət başçısı İlham Əliyevin tolerantlıq və milli münasibətlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının 12 il müddətində bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı həm də sivilizasiyalararası dialoq, mədəni-intellektual konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək məqsədindən irəli gəlir.

Ölkə başçısı AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda bu məqamlara da toxunub: "Azərbaycanda son illər ərzində keçirilən müxtəlif tədbirlər - Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu artıq Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi təqdim edibdir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Çünki bu, bizim üçün normal həyat tərzidir. Halbuki biz indi bəzi ölkələrdə fərqli mənzərə görürük. Hətta bəzi siyasi liderlər çox təhlükəli ifadələr işlədirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, həm yanlış, həm də təhlükəli fikirlərdir. Çünki multikulturalizmin alternativi yoxdur". 

Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycanın siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək yolunda həyata keçirilən genişmiqyaslı işlər artıq öz bəhrəsini verir.

Mənbə: Milli.Az

22 noyabr 2015
GO BACK