Qadin.NET / Mədəni kiçiltmə kökəlmənin sonudurmu?

Mədəni kiçiltmə kökəlmənin sonudurmu?

 

Mədəni kiçiltmə kökəlmənin sonudurmu?

"Üç uşaq dünyaya gətirmişəm. Üçüncü uşaqdan sonra 106 kiloya qədər kökəlmişdim və heç cür arıqlaya bilmirdim. Ən aşağısı 97 kilo olurdum, yenə kökəlirdim. Sonra bu çəkidən qurtulmağa qərar verdim. Buna səbəb isə 13 yaşlı qızımın: "Mənim ardımca məktəbə gəlmə", - deməsi oldu. Dedi ki, sürücü onsuz da ardımca gəlir, sənin gəlməyinə ehtiyac yoxdur. Qızımın mənim bu çəkidə olmağımdan utanması məni üzdü. Bir qərar verdim ki, belə olmaz. Pəhrizdən, fitneslərdən keçdim, amma arıqlamadım. Axırda mədə kiçiltmə əməliyyatına üz tutmağa qərar verdim". Bu sözləri bizimlə söhbətində 35 yaşlı Günel İsmayılova dedi.

 

G.İsmayılova deyir ki, əməliyyat olunmasından 7 ay keçib və hazırda 58 kilodur. Halından məmnun olduğunu deyən müsahibim bildirdi ki, əməliyyatdan sonra 15 gün pəhriz saxlayıb, daha sonra dərisinin sallanmaması üçün 6 ay ərzində üzgüçülüklə məşğul olub, eyni zamanda, hər gün piyada gəzib. Yemək məsələsinə gəlincə, artıq aza qane olur: "İndi artıq normal həyatdayam. Bu elə əməliyyatdır ki, 4-5 gün sonra sosial həyata dönürsən. İndi ürəyim nə istəsə, yeyirəm, aza qane olmuşam. Ən əsası, qidaya baxışımı dəyişmişəm".

Bu, əslində bir nümunədir. Son vaxtlar mədə kiçiltmə ilə bağlı əməliyyatların sayı artmaqdadır. Sosial şəbəkələrdə bu cür əməliyyatlardan sonra çəki atanların paylaşdıqları şəkillər, məşhur simaların bu yolla arıqlaması digər kök insanları da bu üsulla artıq çəkidən qurtulmağa həvəsləndirir. Hətta bəzən çox çəkisi olmayanlar da kökəlməmək üçün bu cür əməliyyat etdirmək istədiklərini deyirlər. Amma mədə bütün orqanizmi qida ilə təmin edən bir orqandır və həssas yanaşma tələb edir.
Mədə kiçiltmə ilə arıqlamaq mümkündür və bunun təcrübədən keçmiş nümunələri çoxdur. Amma burada başqa suallar da meydana çıxır. Bəs sonradan xəstənin əvvəlki çəkiyə qayıtmamasına zəmanət verilirmi? Mədə nəticədə bir insan orqanıdır, o, sonradan böyüyə və əvvəlki problem yenidən baş qaldıra bilər. Yaxud bu, həmin şəxsin sağlamlığına nə kimi təsir göstərə bilər? Bu əməliyyatla bağlı suallar çoxdur. Bəs bu məsələlər həmin xəstələri nə dərəcədə düşündürür, yoxsa ancaq arıqlamaq daha vacibdir? Ümumiyyətlə, mədə kiçiltə əməliyyatını kimlərə etmək olar? Tibbi cəhətdən hansı hallarda bu əməliyyat edilə bilər?

Əməliyyatla iş bitmir

Həkim-dietoloq Tutu Zeynalova qəzetimizə açıqlamasında bildirdi ki, xəstənin bədən kütlə indeksi 40-ın üzərindədirsə, 1 il ərzində iki dietoloqun yanında olubsa və heç bir nəticə əldə etməyibsə, hər hansı xəstəliklərin yaranma riski varsa, bu halda mədə kiçiltmə əməliyyatı göstəriş ola bilər: "Artıq çəki insanın sağlamlığında hansısa problemlərə yol açırsa və o, heç cür arıqlaya bilmirsə, bəzən mən də xəstəyə bu əməliyyata üz tutmağı məsləhət görürəm. Amma əks göstərişlər də var. Ona görə də mədə kiçiltmə istəyən hər xəstəni əməliyyat etmək olmaz. Hazırda işlədiyim bir neçə xəstə var ki, çəki azaltmaları üçün çalışırıq. Əgər 6 ay ərzində nəticə əldə olunmasa, yəqin ki, bu əməliyyata müraciət edəcəyik. Bu cür əməliyyatı seçməklə iş həll olunmur. Əməliyyatla arıqlayandan sonra da pəhriz və idman şərtdir. 150 kilodursa, 50 kilonu sürətlə əldə etsin deyə, bariatrik əməliyyat olunur. Qalanını isə pəhrizlə əldə etməlidir".

T.Zeynalova deyir ki, bu sahədə olan yeganə problem əməliyyat üçün yalnız cərrahın qərar verməsidir. Onun sözlərinə görə, bu cür əməliyyatlarda bir konsilium keçirilməli və burada dietoloq, endokrinoloq, kardioloq, psixoloq, qastroenteroloq iştirak etməlidirlər. Birlikdə xəstənin durumu dəyərləndirilməli və əməliyyatın göstəriş olub-olmamasına qərar verilməlidir: "Siqaret çəkən biridirsə, siqareti tərgitməli, 3 aydan sonra əməliyyat edilməlidir. Bu əməliyyat daha çox arıqlamaq üçün edilir. Həkimə getdikdə, demək olar ki, bütün xəstəliklərin səbəbi olaraq köklüyü göstərir və arıqlamağı məsləhət görürlər. Amma bədən kütlə indeksi 40-ın üzərindədirsə, adam nəfəs ala bilmirsə, heç cür çəki ata bilmirsə, bu halda əməliyyat seçilir. Amma bəzən olur ki, xəstənin psixoloji problemləri də olur. Bu halda biz əməliyyat məsləhət görmürük".
Dietoloq onu da bildirdi ki, Azərbaycanda bu sahə üzrə çalışan cərrahların çoxu əməliyyat etdikdən sonra xəstəni düzgün qidalanmaları üçün dietoloqa istiqamətləndirmirlər: "Endokrinoloq, psixoloq görürlərmi? Bunu bilmirəm. Mədənin ölçüsü qısaldığı üçün xəstə istəsə də çox yeyə bilmir. 3 faiz hallarda əməliyyatdan sonra atdığı kilonun bir qismini yenidən qaytarması baş verə bilər. Mədə böyüyə bilən bir orqandır. Ona görə də maariflənmə düzgün aparılmalıdır. Bu sahədə maariflənmə sıfır səviyyədədir. Bariatrik cərrahlar əməliyyat etdikləri xəstələri düzgün qidalanma üçün dietoloqlara göndərmirlər. O xəstələr sonradan özləri gəlib məni tapırlar".

8-12 faiz hallarda yenidən kökəlmə tendensiyası var

Bariatrik cərrah Anar Namazov deyir ki, bariatrik cərrahların Avropa və dünya üzrə illik konqreslərində xüsusi tövsiyə xarakterli protokollar formalaşdırılır. Bu protokollara əsasən, əməliyyata olan göstərişlər təsbit edilir. Bu göstərişlərdən çıxış edərək xəstə müayinə edildikdən sonra ona bu və ya digər əməliyyat təklif olunur. Yaxud da, ümumiyyətlə, əməliyyat məsləhət görülmür və idman və pəhrizlə arıqlaması tövsiyə edilir.
A.Namazov deyir ki, mədə kiçiltmə zamanı xəstə artıq çəkisinin 40-75 faizini itirə bilər. Orqanizmlər fərdi olduğu üçün bu çəki itirmə də fərqli baş verə bilər. Onun sözlərinə görə, bu əməliyyatlar sərbəst olaraq 8-10 ildir tətbiq olunur. Əldə olan 8-10 illik nəticələrə əsasən, əməliyyat edilən xəstələrin 4-5 il sonrakı durumunun dəyərləndirilməsi də aparılıb. Statistik göstəricilərə görə, 8-12 faiz hallarda yenidən kökəlmə tendensiyası var. Amma əvvəlki çəkilərinə 1-2 faiz hallarda qayıda bilirlər: "Tutaq ki, əməliyyatla 120 kilodan 65-ə düşüblər. 5 ildən sonra 70-75 kilo ola bilərlər. Mədə əzələli orqandır, qida qəbul etdikcə yenə böyüməsi mümkündür. Nəticədə də müəyyən kökəlmə tendensiyaları ola bilər. Laparoskopik cərrahiyyə ümumilikdə 50 ildən çoxdur tətbiq olunur. Amma mədə kiçiltmə əməliyyatları müstəqil olaraq 2003-2004-cü ildən tətbiq olunmağa başlayıb. Əvvəllər isə daha böyük əməliyyatın tərkib hissəsi idi. Bizim ölkəmizdə isə 2013-cü ildən tətbiq olunur. İlk dəfə isə bu əməliyyatı ölkəmizdə mən tətbiq etmişəm".

Çox kök olmayanlar da bu əməliyyatı istəyirlər

Cərrahın sözlərinə görə, xəstə əməliyyatdan sonra qidaya münasibətini dəyişməlidir. Sağlam həyat tərzi keçirsə, bu daha yaxşıdır: "Çünki əməliyyat onun arıqlamasına səbəb ola bilər. Amma sonradan idmana meylli olmalıdır ki, əldə etdiyi çəkini normal saxlamağa müvəffəq olsun. Əməliyyatın ilkin vaxtlarında az qida qəbul etdiyi üçün protein və bəzi vitamin qəbulu ola bilər. Amma normal qidalanma bərpa olunanda buna ehtiyac qalmır".
A.Namazov deyir ki, bəzən çox kök olmayanlar da mədə kiçiltmə əməliyyatı üçün müraciət edirlər. Amma bu halda onları əməliyyat etmək düzgün deyil: "Biz müraciət edən hər kəsi əməliyyat etmirik. Biz bədən kütlə indeksinə görə xəstənin çəkisini təyin edirik. Göstəriş olduğu halda əməliyyata razılıq vermək olar. Bədən kütlə indeksi minimum 35 və yuxarı olmalıdır ki, biz bu əməliyyatı etmək haqqında düşünək. Bu, cərrahiyyədə gənc bir sahə sayılır. Amma piylənmənin getdikcə artması nəticəsində bu, daha geniş vüsət almağa başlayıb. Ölkəmizdə də bu əməliyyatı müvəffəqiyyətlə tətbiq edirlər".

Məcbur olduqda sağlamlıq üçün əks göstəriş sayılmır

Qastroenteroloq Zaur Xəlilov deyir ki, əgər xəstənin bədən kütlə indeksi 40 və daha yüksəkdirsə, bu zaman mədə kiçiltmə əməliyyatı edilə bilər. Xəstənin artıq çəki ilə yanaşı, təzyiq, ürək problemi varsa, xolesterini yüksəkdirsə və s. bu kimi hallarda bədən kütlə indeksi 35 olarsa, belə əməliyyatlara göstəriş var: "Mədənin həddindən artıq kiçilməsi isə qida qəbulu həzmini xeyli azaldır. Bu xəstələr əməliyyatdan sonrakı dövrdə əvvəlki vəziyyətlərini tam bərpa edənə qədər normal qida qəbul edə bilmirlər. Az-az, amma tez-tez yemək məcburiyyətində olurlar. Az qida qəbul etməksə çəki itkisi ilə nəticələnir. Bir müddət öyrəşdikdən sonra əksər hallarda heç bir problem qalmır. Mədənin bir hissəsinin götürülməsi ilə bağlı bir müddət vitamin dəstəyindən istifadə olunur. Amma normal hallarda orqanizm zamanla öyrəşir və elə də böyük sıxıntı yaşanmır".
Həkim-terapevt Məlahət Abbasova da bu cür əməliyyatların məcburiyyət olduqda uyğun göstəriş olduğunu bildirdi: "Amma ümumilikdə hər bir əməliyyat orqanizm üçün müəyyən qədər ziyanlı olur. Amma sağlamlıq üçün edilirsə, artıq burada ziyanlarını düşünmək olmaz. Onlar əməliyyatdan sonra təbii ki, həkim nəzarətində olurlar. Az-az və tez-tez qidalanırlar. Bu isə müəyyən zaman aparır. Daha sonra onlar normal həyatlarına dönürlər".

Əməliyyatdan əvvəl və sonra xəstələrlə psixoloji iş aparılmalıdır

Psixoloq Orxan Oruc deyir ki, bu tip əməliyyatlardan həm əvvəl, həm də sonra müəyyən psixoloji iş aparılmalıdır. Əməliyyat olunmamışdan öncə həmin şəxsə onun orqanizmində baş verəcək dəyişikliklər və bu dəyişikliklərin təsiri ilə yaranan psixoloji nüanslar izah olunmalı və beləliklə, əməliyyata psixoloji hazırlıq işi təşkil olunmalıdır: "Bu cür əməliyyatların insan psixikasına iki formada təsirini nəzərdən keçirə bilərik. Mədənin kiçildilməsi əməliyyatına girən şəxslər adətən piylənmədən əziyyət çəkən şəxslər olurlar ki, həmin piylənmə orqanizmdə müəyyən problemlərin yaranmasına və həmin şəxsdə müəyyən komplekslərin formalaşmasına, özünəinam hissinin zəifləməsinə səbəb olur. Elə buna görə də mədə kiçiltməsi həmin şəxslərdə bu kimi komplekslərin aradan qalxmasına, özünəinam hissinin bərpasına və orqanizmdə olan problemlərin azalmasına səbəb olur. Yəni qısa şəkildə desək, insan özünü xoşbəxt hiss etməyə başlayır".

Psixoloq bildirdi ki, mədənin həcminin azalması qəbul edilən qidanın da miqdarını azaldır. Bu da ayrı-ayrı orqanların vərdiş etdiyi tələbatın tam ödənilməməsi deməkdir: "Orqanların tələbatının yeni mədənin tutumuna uyğunlaşması bir müddət davam edir və bu da öz növbəsində psixikada müəyyən gərginliklərin yaranmasına səbəb ola bilər. Digər tərəfdən, qidalanma vərdişinin dəyişməsi, sürətli arıqlamağa uyğunlaşma, ətrafdakı insanların reaksiyaları bir müddət adaptasiya çətinliyi yarada bilər".

Mənbə: Milli.Az

22 noyabr 2015
GO BACK