Qafqazın ilk və yeganə peyk operatoru olan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti sayca üçüncü peykini orbitə buraxacaq. ANS TV-nin məlumatına görə, yeni üçüncü peyk ”Azerspace 2” adlanır və bu peyk ”Azerspace 1”ə ehtiyat peyk kimi fəaliyyət göstərəcək.
Sayca üçüncü, təyinatına görə isə telekommunikasiya peyki olan “Azerspace 2”nin orbitə buraxılması 2017-ci ilə planlaşdırılır. “Azerspace 2” peykinin istehsalçısı da artıq məlumdur.
“Azerspace 2” peyki "Space Systems Loral" şirkəti tərəfindən istehsal olunacaq. Artıq istehsalla bağlı müqavilə də imzalanıb. Bu yaxınlarda isə raketdaşıyıcı şirkətlə də müqavilə bağlanacaq. Məhz "Azerspace 2” peyki "Azerspace 1”ə ehtiyat peyk kimi fəaliyyət göstərəcək”, – deyə “Azərkosmos” ASC-nin rəsmisi Aynur Soltanova bildirib.
Peykin istifadəyə verilməsi “Azərkosmos”a daha etibarlı xidmət göstərməyə imkan yaradacaq.
“Azerspace 2”nin istifadəsi həmçinin “Azərkosmos”un xidmətlərinin coğrafiyasını da genişləndirəcək. Bu həm də “Azerspace 1”in əhatə zonasını genişləndirməklə Avropa,Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrikada Böyük Səhranın cənub regionlarında ödənişli televiziya, hökumət strukturları üçün rabitə xidmətləri və şəbəkə xidmətlərinə artan tələbatı da qarşılayacaq.
Bu peyk İntelsatın hazırda 45° şərq uzunluğu orbital mövqeyində yerləşən və Mərkəzi həmçinin Şərqi Avropa, Asiya və Sakit okean regionlarında ödənişli televiziya platformalarını tutumla təmin edən İntelsat 12 peykinin davamlılığını təmin edəcək.
Eyni zamanda “Azerspace 2” Afrikada korporativ şəbəkə və dövlət qurumlarını peyk xidmətləri ilə təmin edəcək.
Mənbə: ANS PRESS