2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində təşkilatın baş qərargahında Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin qeyd edilməsinə dair təklifləri qəbul olunub.Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, Qazaxıstan, İran və Türkiyənin dəstəyi ilə ölkəmizin təklifi əsasında böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin (1369-1417) vəfatının 600, Qazaxıstan və Türkiyənin dəstəyi ilə Molla Pənah Vaqifin (1717-1797) 300, eləcə də Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyləri qeyd ediləcək. Sonuncu yubiley təklifi Almaniyanın dəstəyi ilə Azərbaycan və Gürcüstan tərəfindən birgə təqdim edilib.Qeyd etmək lazımdır ki, YUNESKO-nun Yubileylər proqramına təqdim edilən şəxsiyyətlər və hadisələr təsadüfi seçilmir. Belə ki, Molla Pənah Vaqifin 300 illik yubileyinin beynəlxalq səviyyədə qeyd edilməsi ilə M.P.Vaqifin yaşayıb yaratdığı Qarabağ xanlığının tarixinin canlandırılması nəzərdə tutulur.Azərbaycanın dahi yazıçısı İmadəddin Nəsiminin məzarı Suriyada yerləşir. Hazırda Suriyada baş verən hadisələr nəticəsində şairin məzarının hansı vəziyyətdə olduğu naməlumdur. Onun vəfatının yubileyinin qeyd edilməsi 600 il bundan öncəki dövrə tarixi ekskursiya məqsədi daşıyır.Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınması yubileyinin qeyd edilməsində məqsəd 200 il bundan öncə Azərbaycanda alman icmasının mövcudluğu fonunda tolerant və birgəyaşama ənənələrinin qabardılmasıdır.Bununla bağlı müvafiq qərar YUNESKO-nun baş konfransının 38-ci sessiyası çərçivəsində qəbul olunub.Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin qeyd edilməsinin YUNESKO tərəfindən qəbul olunması Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO yanında Daimi Nümayəndəliyimizin birgə fəaliyyəti nəticəsində mümkün olub.YUNESCO 1956-cı ildən etibarən görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileylərini qeyd edir. İndiyədək Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin, eləcə də "Kitabi-Dədə Qorqud" dastanının, "Leyli və Məcnun" operası və "Arşın mal alan" operettasının yubileyləri YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilib.Təşkilatın 2013-2014-cü illər yubileylər proqramında Məhsəti Gəncəvinin 900, Üzeyir Hacibəylinin "Arşın mal alan" musiqili komediyasının 100, Seyid Yəhya Bakuvinin vəfatının 550, yazıçı-dramaturq İlyas Əfəndiyevin 100 illik yubileylərinə həsr olunmuş tədbirlər yer almışdı.
Mənbə: Milli.Az