Yol polisi hərbi qulluqçulardan başqa, istənilən hər kəsi cərimələyə bilər. Toxunulmazlığı olan şəxslər belə inzibati məsuliyyətdən azad deyillər.
Milli.Az Fins.Az-a istinadən bildirir ki, bu barədə "DİGESTA" hüquq firması və nəşriyyatının direktoru Ərşad Hüseynov məlumat verib.Onun sözlərinə görə, yol polisi toxunulmazlığı olan insanları da inzibati qaydada məsuliyyətə cəlb edə yəni, sənədlərini tələb edə və cərimələyə bilər. Millət vəkilləri, məhkəmə hakimləri, baş nazir, ombudsman və s. toxunulmazlıq hüququ olan insanlardır. Bu şəxslər belə, yol hərəkət qaydalarını pozurlarsa, yol polisi onlardan sənədlərini tələb edə və haqlarında protokol tərtib edə, yerində cərimə yaza bilər.Diplomatik nümayəndələr isə cərimə olunanda yol polisi protokolu Xarici İşlər Nazirliyinə göndərə bilər, yalnız bu halda onların cəriməsi ödənilə bilər. Bununla yanaşı, toxunulmazlığı olan şəxslər, onlar haqqında məhkəmə qaydasında tətbiq olunan inzibati tənbehlərə qarşı toxunulmazlıq hüququna malikdirlər. Məsələn, millət vəkili avtoxuliqanlıqla məşğul olsa və ya haqqında həbs qərarı veriləcək bir iş törətmiş olsa, bu zaman Milli Məclisə müraciət olunmalıdır. Oradan icazə alınmadan, deputat həbs oluna və ya avtomobili cərimə meydançasına aparıla bilməz.Bununla belə, toxunulmazlığı olan şəxsin 20 ballıq cəriməsi varsa, onu yol polisi şöbəsinə çağırıb sürücülük vəsiqəsini əlindən almağa qanun icazə verir. Toxunulmazlığı olan şəxslər sadəcə fərqli qaydada cəzalandırılırlar.Yol polisi yalnız hərbi qulluqçuları - hərbi nəqliyyat vasitəsini sürürlərsə, cərimələyə bilməz, əsgəri də həmçinin. Onun haqqında protokol tərtib olunmalı, cəriməsi yazılmalı və qulluq elədiyi hərbi hissəyə göndərməlidir, bundan sonra o cəzalandırıla bilər.
Mənbə: Milli.Az