Ötən gün Fransanın paytaxtı Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib. ANS PRESS-in məlumatına görə, tədbirdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da iştirak ediblər.
Forumda çıxış edən dövlət başçısı əvvəlcə noyabrın 13-də Parisdə baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı Azərbaycan xalqı adından Fransa xalqına başsağlığı verib. Prezident İlham Əliyev keçmişdə çoxsaylı terror hadisələrindən əziyyət çəkən Azərbaycanın terrorizmə qarşı mübarizədəki rolundan danışıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində erməni işğalının qurbanı olub: “Bu gün Avropanın qarşılaşdığı miqrasiya böhranı ilə bağlı xəbərlərə baxanda biz anlayırıq ki, bu insanlar evlərini tərk etmək məcburiyyətində qalıblar. Amma eyni zamanda 1991-ci, 1992-ci illəri xatırlayırıq. Həmin vaxt Azərbaycan 1 milyon insanı yerləşdirməli olmuşdu. Bu dünyada ən böyük qaçqın və məcburi köçkün axınlarından biri idi.
Dövlət başçısı Azərbaycan torpaqlarının işğalı nəticəsində tarixi, dini, mədəni abidələrin dağıdıldığını vurğulayıb: “Siz Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə dağıdılmış beş yüzdən çox tarixi və memarlıq abidələrinin şəkilləri ilə internet vasitəsi ilə tanış ola bilərsiniz. Siz Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən qorunan erməni kilsəsini də görə bilərsiniz. Bu multikulturalizmə, dini tolerantlığa yanaşmadakı fərqlilikdir. Bu onu göstərir ki terrorun, dini milliyyəti yoxdur. Buna görə də İslamı terrorizmlə bağlamaq qəbuledilməzdir.”
Daha sonra Fransa Prezidenti Fransua Olland çıxış edib. O, Parisdə törədilən son terror aktlarından bəhs edib, Fransanın terrorçulara sərt cavab verəcəyini bildirib. Fransa Prezidenti terrorizmin bəşəri dəyərlərə böyük təhdid olduğunu qeyd edib.
Mənbə: ANS PRESS