Qadin.NET / Kasıblar da ev ala biləcəklər

Kasıblar da ev ala biləcəklər

 

Kasıblar da ev ala biləcəklər

Yaxın zamanda milli valyutanın dəyərdən düşməsi, manatın devalvasiyası barədə müzakirələr hələ də davam etməkdədir. Eyni zamanda, prezident İlham Əliyev oktyabrın 27-də gənc və aztəminatlı ailələrin əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanlarını asanlaşdırmaq, "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması barədə fərman imzalayıb.

 

Milli.Az hər iki amilin mənzil bazarına təsirini araşdırıb."Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov sözügedən fərmanın ölkənin mənzil bazarında canlanmaya yol açacağını bildirib: "Daşınmaz əmlak bazarında aktivliyin aşağı düşməsi dünyada gedən iqtisadi tənəzzülün və maliyyə böhranının tərkib hissəsi kimi dəyərləndirilməlidir. Bu böhranın Azərbaycana təsiri çox az olsa da, ölkəmizin bundan tamamilə yan keçməsi mümkün deyildi. Çünki kiçik də olsa, Azərbaycan dünya iqtisadi məkanının bir hissəsidir. Daşınmaz əmlak bazarında biz bu gün çox acınacaqlı vəziyyəti Rusiyada və digər qonşu ölkələrdə görürük".İqtisadçı xüsusilə qeyd edir ki, manatın devalvasiyası gözlənilmir, məzənnədə baş verə biləcək hər hansı bir cüzi dəyişiklikliyin isə daşınmaz əmlak bazarındakı duruma təsiri yox dərəcəsində ola bilər: "Bu ilin iyul ayının 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında prezident ipoteka kreditləşməsinə dövlət büdcəsindən ən azı 200 milyon manat vəsait ayrılması barədə göstəriş verdi. Bunun ardınca ölkə başçısı Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən İpoteka Fondunun yenidən təşkil edilməsi məqsədilə "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzaladı. Məqsəd, ilk növbədə, gənc ailələrin, aztəminatlı ailələrin mənzillə təmin olunması sahəsində, sözün əsl mənasında, bir dönüş yaratmaqdan ibarətdir.

İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti kimi sərbəst fəaliyyət göstərəcək bu qurum öz vəsaitlərini dövlət zəmanətli istiqraz vərəqələrinin yerləşdirilməsindən tutmuş, ölkə daxilində və xaricdən bankların və başqa maliyyə qurumlarının, eləcə də beynəlxalq maliyyə institutlarının vəsaitlərini sərfəli şərtlərlə uzun müddətə cəlb etmək yolu ilə formalaşdıracaq".Fikrət Yusifovun sözlərinə görə, eyni zamanda, Maliyyə Nazirliyi də növbəti illərin büdcəsində bu istiqamətə vəsait ayrılmasını təmin edəcək: "Deməli, Fond kifayət qədər vəsait toplamaq imkanına malik olacaq. Belə olduğu tədqirdə, əlbəttə ki, Fondun bu vəsaitləri təyinatı üzrə istifadə etmək, onların likvidliyini təmin etmək istiqamətində zəruri addımlar atmaq imkanları da kifayət qədər geniş olacaq. Bu gün ipoteka kreditlərinin faizləri az qala adi bank kreditlərinin faizləri həddindədir. Bu isə həmin kreditin ipoteka mahiyyətini çox azaldır və onu vətəndaşlarımız üçün əlçatmaz edir. Yeni yaradılmış struktur artıq bu faizləri ipoteka adına yaxınlaşdırıb, əhalinin sosial cəhətdən aztəminatlı kateqoriyaları üçün güzəştli ipoteka kredirlərinin verilməsi imkanlarına malik olacaq. Başqa sözlə, əgər adi ipoteka kreditləri üçün faiz ödənişləri haradasa 4-6% həddində olacaqsa, güzəştli ipoteka kreditləri üzrə faizlər bundan iki dəfə az - 2-3% həddində ola bilər. Nəticə etibarı ilə, bu fərmanın icrası ən aztəminatlı vətəndaşlarımızı belə mənzil sahibinə çevirəcək. Heç şübhəsiz ki, bütün bu addımlar ölkənin mənzil bazarında əsaslı canlanmaya yol açacaq və belə olan halda mənzil bazarında qiymətlər də tam optimal bir səviyyədə formalaşacaq".İqtisadçı ekspert Samir Əliyev hazırda mənzil bazarında süstlük müşahidə edildiyini qeyd edib: "Mənzil bazarında nə alış var, nə də satış. Bu da bir tərəfdən, dünya bazarında neftin ucuzlaşması ilə, digər tərəfdən Rusiya amili ilə bağlıdır. Çünki Rusiyadan ölkəmizə kifayət qədər maliyyə vəsaiti gəlirdi, həmin vəsait də bazarda aktivliyi kifayət qədər saxlayırdı.Birinci devalvasiya baş verəndə mənzil bazarındakı qiymətlər buna uyğunlaşmağa başladı. Dollar ifadəsində qiymətlərin mənzillərin ucuzlaşması baş verdi, manat ifadəsində isə əksinə, bahalaşdı. Ancaq bu, ilkin dövrdəki reaksiya idi. Sonrakı dövrdə manatla da mənzillər ucuzlaşmağa başladı.

İndi daha çox köhnə evlərin qiymətində azalmalar baş verir. Yeni tikililərin qiymətində dəyişiklik, azalma yoxdur.İkinci devalvasiya baş verərsə, bu, mənzil bazarına mənfi təsir göstərəcək. Belə ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşəcək, bu da eyni zamanda, evlərin qiymətini aşağı salacaq. Devalvasiya olmasa belə, mənzil bazarında ucuzlaşma davam edəcək. Təbii ki, neft bahalaşmayacağı təqdirdə bu, belə olacaq."İpoteka Fondu" ilə bağlı istənilən müsbət addım bazara mütləq təsir göstərir. Ancaq bu təsir bir qayda olaraq, qısamüddətli təsir daşıyır. Çünki istənilən informasiyanın arxasında fəaliyyət dayanmalıdır, konkret əmtəə dayanmalıdır. Əgər fəaliyyət yoxdursa, canlanma aradan qalxır. Prezident ipoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manat vəsait ayrılacağını dedi. Bu qərar həyata keçiriləcəyi halda, bazarda canlama yaradacaq. Çünki 200 milyon kifayət qədər böyük məbləğdir. Bu, xüsusilə 2-3 otaqlı, qiyməti 100 minə qədər olan evlərin satışına müsbət təsir edəcək".Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov mənzil bazarında ucuzlaşma müşahidə edildiyini deyir: "Oktyabr ayının nəticələrinə görə, mənzil bazarında qiymətlərdə 3 faiz azalma gedib. Bu qiymət azalması, yəqin ki, ilin sonuna qədər davam edəcək. İpoteka həcminin artırılması istiqamətində real addımlar atılsa, bu, bazarda özünü göstərəcək.

Ümumən ötən ilin mart ayından Rusiyada rublun məzənnəsinin yüksəlməsi, Ukrayna hadisələri və ətraf regionda, dünya siyasi səhnəsində baş verən hadisələr mənzil bazarına təsiri qaçılmazdır. Bu, tək bizim ölkədə deyil, regionda bu vəziyyət müşahidə edilir. Biz də bu bazarın tərkib hissəsi kimi qiymət azalmasını hiss edirik.Mənzilə tələbat da azalıb ki, burda da psixoloji fakt rol oynayır. Çünki insanların dünyayla əlaqəsi var, informasiya vasitələrini izləyirlər, məlumatlıdırlar, bu da öz psixoloji təsirini göstərir. Vətəndaşlar əllərində olan pulu çətin günləri üçün saxlayırlar. Çünki sabah nə olacağını bilmirlər. Buna görə də potensial alıcılar bazardan çıxıblar və hadisələrin nəticələrini gözləyirlər.Hazırda ən bahalı mənzillər şəhərində mərkəzindədir. Ancaq orta bazar qiymətinə görə, mənzillərin kvadratmetri 2500-3000 manatdır".

Mənbə: Milli.Az

18 noyabr 2015
GO BACK