Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dünən saat 16:00 radələrində Azərbaycanın qlobal internet şəbəkəsinə əlaqəsini təmin edən milli operator - "Delta-Telekom" Data Mərkəzinin əsas kabellərinin birində tüstülənmənin baş verməsi ilə bağlı açıqlama yayıb. Hadisə zamanı açıq yanğın halları baş verməyib, kabellərin əriməsi nəticəsində yaranan tüstü avadanlıqlarda qismən nasazlıq yaradıb. Bununla əlaqədar sistemin ümumi işi dayandırılıb və nəticədə ölkədə internet əlaqəsində kəsinti yaranıb. İnternet saat 21:00 radələrində bərpa olunub.Hadisə göstərdi ki, Azərbaycanda informasiya təhlükəsizliyi sistemində boşluqlar var. Adi bir yanğın ölkənin aparıcı operatorunun işini iflic qoydu. Ekspertlərin sözlərinə görə, belə hallar üçün mütləq ehtiyat variant, alternativ sistem nəzərdə tutulmalıdır.Digər tərəfdən operatorun paylayıcı şəbəkəsi bölünməlidir. Ölkənin böyük hissəsinin bir provayderdən asılılığı da məqsədəuyğun hesab edilmir.
Mənbə: Milli.Az