Türkiyənin Antalya şəhərində keçirilən ilin əsas iqtisadi toplantısı “Böyük iyirmilik” (G20) ölkələrinin sammiti öz işini yekunlaşdırarkən növbəti yeniliyə sözün həqiqi mənasında imza atılıb. ANS PRESS-in məlumatına görə, qrup liderləri sammitin təşkilatçıları tərəfindən hazırlanmış böyük ailə fotosunun ətrafına öz imzalarını atıblar. Ailə fotosunu imzalayan liderlər arasında sammitin fəxri qonağı qismində tədbirdə iştirak edən Azərbaycan prezidenti İlham Əliyev də olub.
Azərbaycan prezidenti İlham Əliyev ailə fotosunu imzalayarkən
Noyabrın 14-də Türkiyə Antalya vilayətinin Belek rayonunda ilin əsas iqtisadi toplantısı “Böyük iyirmilik” (G20) ölkələrinin liderlərinin sammiti başlamışdı. İki gün davam edən sammitin gündəliyinə qlobal iqtisadiyyat məsələləri, həmçinin terrorla mübarizə, qaçqınlara yardım və miqrasiya problemləri kimi aktual məsələlərin müzakirəsi daxil edilmişdi.
Mənbə: ANS PRESS