Noyabrın 16-da saat 16 radələrində Azərbaycanda internet rabitəsi tamam kəsildi. Təxminən yarım saat sonra isə məhdud bir şəkildə bərpa edildi. Axşama qədər bir neçə dəfə kəsintilər baş verdi.
Bu səbəbdən elektron media kateqoriyasına daxil olan yüzlərlə saytın onlayn qaydada işi iflic olub. Bundan başqa, ölkələraarası yazışmalar aparmaq mümkün olmayıb, yüz minlərlə insanın internet üzərindən qurduqları ünsiyyət məhdudlaşıb. Milli.Az musavat.com-a istinadən bildirir ki, internetin kəsilməsinə səbəb Azərbaycana internet verən "DELTA Telecom"un datacenter-ində baş verən yanğındır. Server otağında olan yanğına görə bu problem yaranıb. Bu barədə hadisə yerində olan yanğınsöndürənlər məlumat verib.
Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, baş vermiş problemə səbəb "DELTA Telecom"da baş verən hadisədir: "Azərbaycanın əsas internet təchizatçısı "DELTA Telecom"dur. Orada baş verən yanğın nəticəsində texniki problemlər yaranıb. Azərbaycanda "Backboun" provayder də fəaliyyət göstərir."Azertelecom", "Azercell", "Nar" və "Bakcell" operatorları bu provayder vasitəsilə çalışır. "DELTA Telecom"da əlavə təhlükəsizlik tədbirlərinin də görülməsi də vacibdir".
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov da sosial şəbəkələrdə yayılan və ekspertlər tərəfindən səsləndirilən açıqlamanı təsdiqlədi. Bildirdi ki, "Delta Telecom"un kabel xətlərində yanğın baş verib və hadisə yerinə dərhal FHN əməkdaşları gəliblər: "Yanğın söndürülüb. Mütəxəssislər hazırda ordadır, interneti bərpa edirlər. Amma alternativ internet də "Azertelecom"dan verilib". İnternetin olmaması bank sisteminin də işini iflic edib. Ödənişlərini etmək üçün banka yollanan vətəndaşlara internet olmadığı üçün bu əməliyyatların da mümkünsüz olacağı bildirilib. Rabitə və yüksək texnologiyalar naziri əvəzi İltimas Məmmədov "Delta Telecom"a gedib və ölkəni internetsiz qoyan qəzanın səbəblərini araşdırıb. Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat verilib. Digər məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi qrup da "Delta Telecom" şirkətinə gedib. Onlar yanğının səbəblərini araşdırmaqla məşğuldur.Rabitə Nazirliyindəki mənbələr isə artıq ilkin versiyanın olduğunu bildiriblər. Mənbənin sözlərinə görə, dünən səhər nazirlikdə keçirilən iclasda sistemin gücünü artırmaq üçün mütəxəssislərin provayder şirkətinin avadanlıqlarının modernləşdirilməsinə başlayacağı qeyd olunub.
Məlumata görə, bu işlər axşama qədər yekunlaşmalı idi. Belə güman edilir ki, yanğın da xətlərin Yasamal rayonu ərazisindən keçən hissəsində iş görülərkən baş verib.
"İnternet kəsintisi Delta Telekom şirkətinin kabellərində baş vermiş tüstüləmə ilə əlaqədar olub".Bunu "Delta Telekom"un daxili xidmət rəhbəri Anar Gülməmmədov ölkə.az-a açıqlamasında bildirib: "İnternet verilməsi ilə əlaqədar problem qismən aradan qaldırılıb və qısa müddət ərzində internetin verilməsi tam bərpa olunacaq. Bəzi mətbu orqanların yazdığı kimi, "Delta Telekom"da yanğın və partlayış hadisəsi baş verməyib".Onu da qeyd edək ki, bütün ölkə boyunca yaşanan internet fəlakətini sosial şəbəkələrdə sabiq rabitə naziri Əli Abbasovun sabotajı kimi qiymətləndirənlər də var.Bəzi ekspertlərsə hesab edir ki, baş verən internet fəlakəti Azərbaycana qarşı xaricdən olan təxribatdır. Lakin bu cür versiyaları rəsmi şəkildə təsdiq edən heç bir mənbə olmadı.
Mənbə: Milli.Az