Qadin.NET / Əvvəl 5, sonra 2 rayon qaytarıla bilər

Əvvəl 5, sonra 2 rayon qaytarıla bilər

Əvvəl 5, sonra 2 rayon qaytarıla bilər
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov “Hesabat” verlişinin qonağı olub. Novruz müəllim müsahibə zamanı Azərbaycan izləyicilərini düşündürən bir çox məsələlərə aydınlıq gətirib.
- Hər vaxtınız xeyir, Novruz müəllim!

- Hər vaxtınız xeyir!
- Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana səfər etdi və ardınca mətbuatda belə bir məlumat yayıldı ki, Dağlıq Qarabağ ətrafında bir neçə rayon qaytarılacaq. Həqiqətənmi belədir?
- Ümumiyyətlə, Azərbaycanın əraziləri, rayonları qaytarılmalıdır. Buna heç bir şübhə yoxdur. Bizim də bununla bağlı mövqeyimiz dəyişmir və heç vaxt da dəyişməyəcək. Məsələ burada hansı mərhələlərdən keçmək lazım olmasındadır. Ümumiyyətlə, “Madrid prinsipləri”ndə bunların hamısı göstərilib. Azərbaycan ərazilərindən Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılması bir mərhələdə ola bilər. Sonrakı mərhələdə isə 2 rayonumuz qaytarıla bilər. Tarixi hələ müəyyən olunmamış bir vaxtı isə azərbaycanlı qaçqınların Dağlıq Qarabağa qayıtmasından sonra orada bir referendum keçirilə bilər. Danışıqların nəticələrinin nədən ibarət olduğunu biz biləndən sonra ona mövqe nümayiş etdirə bilərik. 
- Bax elə bu səfərin ardınca mətbuatda belə bir məlumat yayıldı ki, Rusiya və Ermənistan hərbi hava qüvvələri öz qoşunlarını birləşdirir. Ümumiyyətlə, belə bir qərar Azərbaycan üçün hansı təhlükə yarada bilər?
- Bilirsiniz, məncə, bu fikrin bir əsası yoxdur. Bu bir qədər gülməli görünür. Çünki bir tərəfin çox böyük hərbi hava qüvvələri var, o biri tərəfin isə yoxdur. Bunları necə birəşdirib, nə yaradacaqlar? Digər tərəfdən isə Ermənistan əslində “kollektiv təhlükəsizlik” müqaviləsi çərçivəsində Rusiya ilə hərbi sayda çox sıx əməkdaşlıq edir və hər dəfə də orada üzv olmağı ilə öyünür.
- Növbəti sualım Birləşmiş Ştatlarla bağlı olacaq. Bəzi şəxslərin Azərbaycana rəsmi səfərləri olub və bir çox dövlət departament nümayəndələrinin də səfəri gözlənilir. Ümumiyyətlə, Birləşmiş Ştatlar və Azərbaycan münasibətləri hal-hazırda hansı səviyyədədir? 
- Amerika Birləşmiş Ştatlarının bütün nümayəndələri qeyd edirlər ki, Azərbaycanla bu ölkə arasında əməkdaşlığın 3 mühüm tərəfi var: birincisi, hərbi texniki və təhlükəsizilik sahəsində; ikincisi enerji sahəsində; üçüncüsü isə demokratiya və insan hüquqları sahəsində. İlk iki sahədəki əməkdaşlıq yüksək səviyyədə aparılır. Ancaq müəyyən anlaşılmazlıqlar demokratiya və insan hüquqları sahəsində var. Biz isə istəyirik ki, Qərb bizə ədalətli mövqe nümayiş etdirsin. Həm üçüncü sahə ilə bağlı, həm də heç olmasa Ağ Ev nümayndələri, həm Dövlət Departamentin, Senatın və Konqressin nümayəndələri ildə bir dəfə desinlər ki, Azərbaycan ABŞ-ın enerji sahəsində çox etibarlı bir tərəfdaşıdır. 
Bilirsiniz, biz Kosovada, İraqda, Əfqanıstanda bu gündə koalisiya çərçivəsində çox faydalı və vacib əməkdaşlıq edirik. Amma təəssüf olsun ki, biz bu istədiyimizi görə bilmirik. Başqa bir məsələ olan kimi tez-tez bəyanatlar verməyə çalışırlar. Amma bu sahələrlə bağlı bir şey demirlər. Buna baxmayaraq, əlaqələrimiz var və davam edir. Sadəcə olaraq, Azərbaycan öz xarici siyasət kursunu müstəqil çərçivədə aparır və bu istiqamətdə də davam edəcək. 
- Türkiyədə Antalıya şəhərində G20-nin sammiti keçiriləcək və bildiyiniz kimi dünyanın əksər liderləri burada iştirak edəcək. Cənab Prezident İlham Əliyev də iştirak edəcək. İkitərəfli görüşlər gözlənilirmi? Artıq bəzi detallarla bağlı türk mətbuatında məlumatlar yayılır ki, guya, Obama başqa yerdə, İlham Əliyevlə Vladimir Putin isə bir oteldə qalacaq. 
- Bizim üçün bu, əsas deyil ki, kim harada gecələyəcək? Əsas odur ki, G20 2015-in beynəlxalq aləmdə ən mühüm hadisəsidir. Bu hadisə zamanı dünyanın ən böyük 20 ölkəsi yaranan prosesləri ilə bağlı bütün istiqamətlərdə geniş fikir müzakirəsi əsasında mühüm bir fikir formalaşdırmaq üçün çalışacaqlar. Bu, Azərbaycan üçün çox mühüm bir tarixi bir hadisədir ki, o, belə bir tədbirin rəsmi qonağı olur. Azərbaycanı tədbirə Türkiyə rəsmiləri dəvət edib. 
Azərbaycan prezidenti tədbirə qoşulacaq və orada ikitərəfli görüşlər də keçirəcək. G20-nin görüşləri zamanı müxtəlif mərhələlərində Azərbaycan prezidentinin görüşləri nəzərdə tutulub. Mən inanıram ki, bu görüşlər çox uğurla həyata keçiriləcək. 

Mənbə: ANS PRESS

16 noyabr 2015
GO BACK