Ötən gecə Tərtər və Ağdamda güclü külək ciddi fəsadlar yaradıb. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, külək Tərtərdə 30 mənzilli 5 mərtəbəli binanın dam örtüyünü uçurub. Ağaclar aşıb, elektrik naqilləri sıradan çıxıb. Rayonun bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində problem yaranıb.
Güclü külək Ağdamda da evlərin dam örtüyünü uçurub. Rayonda evlərin 90 faizi işıqsız qalıb. Qeyd edək ki, Tərtər və Ağdamda güclü küləyin vurduğu ziyanla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. "Gecə saat 12-də külək başladı. Əvvəl yavaş-yavaş oldu, sonra sürət artdı. Saat 1-də, 2-yə işləmiş binanın üstündən şiferləri götürdü tökdü yerə. İşıq xətlərini kəsdi", - Tərtər sakini Oqtay Nəcəfov bildirib.Noyabrın 13-ü gecə saatlarında əsən güclü külək Xaçmaz və Quba rayonlarında da bir sıra fəsadlar törədib. RTV (Region TV) xəbər verir ki, güclü külək Xaçmaz və Quba rayonlarının elektrik təsərrüfatına ziyan vurub. 0,4 kilovoltluq hava xətlərində yaranan problemlərlə bağlı bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranıb.Xaçmaz rayonunun Qusarçay kəndində bir neçə ağac kökündən qoparaq elektrik və rabitə xətlərinin üzərinə düşüb. Şəhərin Heydər Əliyev küçəsində şam ağacları aşıb. Quba rayonunun Zərdabi qəsəbəsində isə külək avtoyuma məntəqəsinin dam örtüyünü uçurub. Rayon Fövqəladə Hallar Komissiyalarından bildirilib ki, güclü külək nəticəsində sakinlər arasında xəsarət alan yoxdur. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Kəpəz TV (Region TV) xəbər verir ki, ölkənin müxtəlif bölgələrində müşahidə edilən güclü külək Daşkəsəndə də fəsadlar törədib. Rayon mərkəzində 10-dan artıq çoxmərtəbəli yaşayış və inzibati binaların dam örtüklərinə və rayonun elektrik təsərrüfatına ziyan dəyib. Güclü külək şəhərin incəsənət məktəbinin, yaşayış binalarının dam örtüklərini sıradan çıxarıb, taxta konstruksiyalarla birlikdə binaların üstündən tamamilə atıb. Təbiət hadisəsi nəticəsində rayon mərkəzində yerləşən yataqxana ciddi zərər görüb. Hazırda şəhərin işıqsız qalan ərazilərində elektrikin bərpası üçün təmir işləri aparılır.Daşkəsən sakini: "Elə bildik dağlar yerindən oynadı. Bina bütün silkələndi, bütün əşyalar silkələndi. Evlərə ziyan dəyib. Səhərə qədər qorxudan əsmişik".
Nüsrət Vəliyev - Daşkəsən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi: "Küləyin ardından qasırğa, burulğan başladı. Şəhərin bir hissəsində 10-dan artıq binaya, 1 inzibati bina və məktəbə ziyan dəydi. Daşkəsən rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yataqxanada yaşayan 31 ailədən 30-u rayon mərkəzi xəstəxanasının binasına yerləşdirilib. FHN-in Gəncə Regional Bölməsindən nümayəndələr gəlib, dəyən ziyanın miqdarı hesablanır". Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün rayonun aidiyyəti qurumları tərəfindən təmizləmə işləri aparılır.
Mənbə: Milli.Az