Qadin.NET / Rusiya erməniləri Dağlıq Qarabağdan çıxaracaq?

Rusiya erməniləri Dağlıq Qarabağdan çıxaracaq?

Rusiya erməniləri Dağlıq Qarabağdan çıxaracaq?
"Rusiya Azərbaycan və Ermənistanla hazırda kuluar, məxfi danışıqlar aparmaqdadır. Məqsəd Dağlıq Qarabağın, habelə erməni işğalında olan digər Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi və Bakının nəzarətinə qaytarılmasıdır. Yeganə problem Kəlbəcər və Laçın rayonlarıdır ki, onlarla bağlı gərgin müzakirələr aparılır. Bu proseslərin təşkilatçısı və idarəçisi Rusiyadır".Bu xəbər artıq neçə gündür Rusiya, Ermənistan və Azərbaycan mediasında dolaşır. İddialara görə, Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması prosesinin aktivləşdirilməsi, habelə münaqişə bölgəsində və Azərbaycan-Ermənistan sərhədindəki atışmaların dayandırılması, problemlərin bilavasitə çözülməsi üçün Moskva aktiv hərəkətə keçib. Bunun müqabilində isə Moskva Bakıdan postsovet məkanında yeni inteqrasiya strukturu kimi təqdim olunan Avrasiya İqtisadi Birliyinə üzvlüyünü şərt kimi irəli sürüb. 
Müxtəsər, iddiaların bəsit formatda səslənişi belədir: "Rusiya  erməni işğalında olan Azərbaycan torpaqlarının azad edilməsinə çalışacaq və Bakı da bunu bilir, ona görə də Azərbaycan Avrasiya Birliyinə üzv olacaq".
Gerçəkdən də, belədirmi?
Cənubi Qafqazla yanaşı, regionun ən mürəkkəb münaqişəsi sayılan Dağlıq Qarabağ konfliktinin belə bəsit, hətta trivial yolla həlli ehtimalının özü məntiqi təsir bağışlamır.
Daha doğrusu, iddiaların ağlabatanlıq səviyyəsi çox aşağıdır.
Mediaya bilərəkdən sızdırıldığı şübhə doğurmayan iddialar Rusiyanın XİN başçısı Sergey Lavrovun Yerevana səfəri və bu səfər əsnasında Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsi ilə bağlıdır.
Sentyabrda S.Lavrov analoji səfərlə Bakıda olmuşdu.
Bu səfərlərdən sonra Azərbaycanla Ermənistanın mövqelərində zərrə qədər yaxınlaşma barədə heç bir rəsmi açıqlama verilməyib və münaqişənin tənzimlənməsi prosesində bilavasitə Yerevanın nümayiş etdirdiyi aqressiv, işğalçılıq davranışlarından dolayı diplomatik dalan situasiyası hələ də davam edir.
Təmas xəttində, habelə Azərbaycan-Ermənistan sərhədindəki gərgin vəziyyət, atışmaların səngiməməsi də yenə də Ermənistanın mövqelərindən qaynaqlanır və bunu ATƏT-in Minsk Qrupundakı həmsədr ölkələrilə bahəm, Avropa Birliyinin digər üzləri də bilirlər.

Mənbə: Milli.Az

11 noyabr 2015
GO BACK