ABŞ Prezidenti Barak Obama "Facebook" sosial şəbəkəsində səhifə açıb.
ANS PRESS-in məlumatına görə, Ağ Ev səhifənin Obamaya məxsus olduğunu təsdiq edib. "Salam, "Facebook" ! Artıq mənimdə öz şəxsi səhifəm var", - bu Obamanın səhifəsində yazdığı ilk sözlər olub.
Obamanın sözlərinə görə, o ümid edir ki, sosial şəbəkə istifadəçiləri onun səhifəsində ölkə qarşısında duran ciddi məsələləri müzakirə edəcək, öz tarixçələri və fikirləri ilə bölüşəcək. Obama söz verir ki, vaxtaşırı statuslar yazmaqla ictimaiyyəti əyləndirməyə çalışacaq.
"Prezident Obama" adlı səhifəni artıq yarım milyondan çox adam bəyənib. Prezident bu ilin sentyabrında Alyaskada olarkən çəkdirdiyi şəkli səhifəsinə örtük kimi yerləşdirib. Özü haqqında Obama yazır ki o, ata, həyat yoldaşı və ABŞ-ın 44-cü prezidentidir. Ağ Evin mətbuat xidmətinin məlumatına görə, səhifədə statuslar, şəkillər və videolar şəxsən Barak Obama trəfindən paylaşılacaq.
"Facebook"da yerləşdirdiyi ilk videoda Obama internet istifadəçiləri üçün Ağ Evin bağçasında virtual tur təşkil edib. O burada şam yeməyi qabağı gəzdiyini bildirib. Həyətində yaşayan dələlərdən danışan Obama, amerikalıları qlobal iqlim dəyişiklikləri haqda ciddi düşünməyə və bu haqda internetdə daha çox yazmağa çağırıb.
"Əgər biz bir yerdə bununla məşğul olsaq, mən əminəm ki, bu problemi gələcək nəsillər üçün həll edə bilərik", - deyə Barak Obama bildirib. O həmçinin əlavə edib ki, bu məsələni digər dünya liderləri ilə müzakirə etmək üçün bir neçə həftədən sonra Parisə yollanacaq və ola bilsin ki, orada iqlimə dair qlobal razılaşma imzalanacaq.
Mənbə: ANS PRESS