Qadin.NET / Azərbaycanda dollardan həyəcan təbili

Azərbaycanda dollardan həyəcan təbili

 

Azərbaycanda dollardan həyəcan təbili

Azərbaycanda Amerika Birləşmiş Ştatları (ABŞ) dollarının məzənnəsi son 7 ayda ən yüksək həddə çatıb. Mərkəzi Bankın bu gün açıqladığı rəsmi məzənnələrdə dollar 1,0501 manat dəyərində müəyyən edilib.
ANS PRESS-in məlumatına görə, bu qiymət aprel ayından indiyə qədər dolların ən yüksək rəsmi məzənnəsidir. Belə ki, aprelin 20-də 1 dollar 1,0502 manata bərabər idi.
Artıq valyuta mübadiləsi məntəqələrində də əvvəlki illərlə müqayisədə qiymət artımı müşahidə olunur. Hazırda mübadilə məntəqələrində 1 dollar alıcılara 1.0503 manatdan təklif edilir.Satıcılar da son bir neçə gündə dollar alanların sayında artım olduğunu bildirirlər. Pul mübadiləsi ilə məşğul olan Rəşad İsmayılov deyir ki, son iki gündə dollar alanların sayında 5-10 faiz artım var: 
"Buna səbəb insanların dolların yenidən bahalaşacağından ehtiyat etməsidir. Biz də insanlardan nə üçün dollar aldıqlarını soruşuruq . Onlar bildirirlər ki, əhali arasında yeni ildən dolların qiyməti çox əsaslı şəkildə artacaq. Ancaq düşünürəm ki, bu məlumatlar həqiqəti əks etdirmir".
Müşahidə apardığımız digər məntəqələrdə də oxşar vəziyyət görünürdü. Valyuta dəyişənlərin hamısı artımın olduğu ilə razılaşır. Ancaq bu artımın cüzi olduğunu deyirlər.
Pulunu dollara çevirən şəhər sakini Fazil adlı şəxs deyir ki, əlində olan əskinasları xarici valyutaya çevirməsinin səbəbini belə açıqladı:
"Mən pulumu dollara ona görə çevirirəm ki, gələcək aylarda dolların ucuzlaşacağına inanmıram. Ətrafdakı insanlar da deyir ki, gələcək aylarda dollar yenidən yüksələ bilər. Ona görə də dollar yüksədiyi zaman uduzmaq istəmirəm".

 

Mənbə: ANS PRESS

10 noyabr 2015
GO BACK