Yuxusuz gecələr, dərmanla nahar...
Astma xəstəliyi yuxusuz gecələr, bütün günü xörək əvəzinə dərman yemək deməkdir. Astma əsasən azyaşlı uşaqlarda olur. Hazırda dünyada 10 yaşlı uşaqların 34 faizi bu xəstəlikdən əziyyət çəkir. Yaşlıların isə sadəcə 2 faizində astmaya rast gəlinir. Erkən yaşda astmaya tutulmaq daha təhlükəlidir. Belə xəstələrin inkişafı zəifləyir. Onların boyu uzanmır, bədənlərində piylənmələr gedir, daim öskürür, ömürləri boyu dərmanlardan asılı vəziyyətdə yaşayır və əqli cəhətdən zəif olurlar. Astmanın ilkin əlaməti xəstədə boğulma halları, öskürəkdir. Fevral, avqust aylarında xəstədə ağrılar azalır. Ancaq sentyabr ayında xəstəliyin simptomları özünü göstərməyə başlayır. Əsasən yanvar ayında astma xəstələrində daim qızdırma halları aşkarlanır, onlar tez-tez qripə yoluxurlar. Xəstəlik yaz və payız aylarında daha da güclənir. Xəstədə boğulma halları isə ən çox ağacların çiçəklənməsi dövründə artır. Ancaq müalicə qış və yay aylarında aparılır.
Astma ağ ciyərin inkişafına mane olur
Boğulmaların sayı artdıqda xəstə reanimasiya şöbəsində müalicə olunur. Astma xəstələrində şiddətli ağrılar, boğulmalar gecə yarısından sonra başlayır. Ağ ciyərlərin qan təchizatı pozulur, tənnəffüs çatışmamazlığı yaranır. Böyrəklər və böyrəküstü vəzlər sıradan çıxır. Qadınlarda isə yumurtalıqların inkişafına təsir edir. Əgər xəstə uşaqlıqdan astma xəstəliyinə tutulubsa, bu zaman onun hamilə qalması da problemli olur. Bəzən belə qadınlar sonsuz olurlar. Astma xəstələri çox nadir hallarda hamilə qala bilir. Bu zaman isə onların hamiləliyi çətin keçir. Adətən, onlar hamiləliklərini yataqda keçirməli olurlar.Astmanın ən ağır forması allergik astmadır. Belə xəstələrin müalicəsi uzun müddət aparılır. Həkimlər xəstədə astmanın yaranma səbəblərini nadir hallarda öyrənə bilirlər. Bu zaman müalicə daha asan olur. Bəzən elə olur ki, astma xəstələrinə yaşadıqları evi dəyişməyi məsləhət görürük. Onun sağalmasına tək çarə evini dəyişməsidir. Çünki elə olur ki, yaşadığı evin qoxusu, havası onun xəstəliyinin sağalmasına imkan vermir. Astma xəstələrinə 2 cür müalicələr aparılır: simptomatik və etoloji. Simptomatik müalicə vasitəsilə boğulmanın qarşısı alınır. Xəstə həkimə nə qədər tez müraciət etsə, aparılan müalicə də bir o qədər effektli olur. Astma xəstələrinin pəhriz saxlamaları vacib deyil. Ancaq bəzi ərzaqların qoxusu xəstələrdə boğulmalar əmələ gətirir. Xəstə özü bilməlidir ki, yediyi hansı ərzaq ona pis təsir edir.
Mənbə: Milli.Az