Ədliyyə Nazirliyindən Milli.Az-a bildiriblər ki, "İcra haqqında" Qanunun tələbinə əsəsən, məhkəmə qərarlarının icrası ilə bağlı 2014-cü ildə 3121 borclu şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. İcra sənədi icra olunduğuna görə isə 929 şəxs barəsində əvvəl qoyulmuş məhdudiyyətin götürülməsi haqqında qərar qəbul edilib.
Ədliyyə naziri Fikrət Məmmədov nazirliyin ötən ay keçirilən kollegiya iclasında isə deyib ki, 2015-ci ilin ötən dövrü ərzində 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb."İcra haqqında" Qanunun 84-1-ci maddəsinə (Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.
Bir neçə gün öncə Milli Məclisdə "İcra haqqında" Qanuna dəyişiklik edilib və dəyişikliyə əsasən, bundan sonra vergi borcu olanların ölkədən getməsinin məhdudlaşdırılması məhkəmə qərarları ilə yanaşı, vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında da həyata keçirilə bilər.Qanuna əsasən, kredit borcunun qaytarılmadığı zaman isə, ödəmə vaxtından 3 ay müddət keçdikdə şəxs barəsində məhkəməyə müraciət edilir və məhkəmə qərarına əsasən, borclunun ölkədən getmək hüququ məhdudlaşdırılır.Nəzərə alsaq ki, Mərkəzi Bankın açıqladığı son rəqəmlərə görə, ölkədə problemli kreditlərin ümumi məbləği 1,4 milyard manatdan çoxdur, onda ilin sonunadək ölkədən getmək hüququ məhdudlaşdırılan insanların sayı daha da arta bilər.Onu da nəzərə alsaq ki, vətəndaşlarımızın bir qismi "Yeni il" bayramı ilə əlaqədar istirahət günlərində xarici ölkələrə üz tuturlar, bu məsələ bəzi şəxslər üçün əlavə problem yarada bilər.Bəs çıxış yolu nədir, problemi necə həll etməli?İqtisadçı-ekspert Vüqar Bayramov bununla bağlı Milli.Az-a bildirib ki, hazırda Azərbaycanda 2,4 milyon vətəndaşın kommersiya banklarına krediti var: "Bu, o deməkdir ki, bu gün orta hesabla hər ailədə 1 nəfər banklara kredit ödəyir. Təbii ki, onların heç də hamısı problemli kredit deyil. Lakin kredit borcuna görə ölkədən getməyə görə tətbiq edilən qadağa xeyli insana təsir edə bilər. Burada söhbət kredit borcunu ən azı 3 ay ödəyə bilməyənlərdən gedir. Vətəndaş kredit götürübsə, onu qaytarmaq çətinlik çəkirsə, lakin o, problemli kredit kimi rəsmiləşməyibsə, bank bununla bağlı məhkəməyə müraciət etməyibsə və məhkəmə qərarı yoxdursa, o zaman həmin şəxsin ölkəni tərk etməsində hər hansı maneə yoxdur.
Mənbə: Milli.Az