Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 30 ilə qaldırılması nəzərdə tutulmur.
Bunu mətbuata açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib. DSMF-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, son vaxtlar hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 20 ildən 30 ilə qaldırılması barədə yayılan informasiyalara aydınlıq gətirən Fond sədri deyib ki, silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 30 ilə qaldırılması nəzərdə tutulmur. Bu təklif ilkin mərhələdə nəzərdən keçirilən müxtəlif variantlardan biri idi və hazırda müzakirə olunmur.E.Mehdiyev eyni zamanda, islahat tədbirləri çərçivəsində demoqrafik göstəricilərin, o cümlədən ömür uzunluğu göstəricisinin pensiya sisteminə təsirinin tənzimlənməsi zəruriliyini önə çəkərək bildirib ki, hazırda silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir. Təklif qəbul edilərsə, bu qaydalar pensiyaya çıxmış şəxslərə şamil edilməyəcək və onların pensiyası gələcəkdə yenidən hesablandıqda təyinat tarixinə tətbiq olunmuş əvvəlki qayda tətbiq ediləcəkdir. Buna görə də təyin olunmuş pensiyaların gələcəkdə məbləğinin dəyişməsi barədə narahatlığa heç bir əsas yoxdur.
Mənbə: Milli.Az