AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev Trend-ə bildirib ki, noyabrın 2-də başlayan geomaqnit həyəcanlaşması ayın 3-də qasırğaya çevrilib, 4 noyabr tarixində də davam edən orta səviyyəli G1 sinifli (maksimum G5 olur) qasırğa noyabrın 5-də səngiməyə başlayıb. Bu günlər ərzində əsas geomaqnit indekslərindən biri olan Kp indeksi 5-ə çatıb (maksimum 9 olur və adətən nadir hallarda baş verir) və yuxarı en dairələrində gözəl təbiət hadisəsi olan qütb parıltısı - avrora borealis müşahidə olunub.Geomaqnit həyəcanlaşmasına və qasırğaya səbəb isə açıq maqnit qüvvə xətlərinə malik Günəşdəki növbəti tac dəliyindən (coronal hole) öz başlanğıcını götürən yüklü zərrəciklərdən ibarət plazma küləyi olub. Yer kürəsi tədricən Günəşdən "əsən" yüksək sürətli plazma küləyinin "ağuşundan" çıxdığından geomaqnit həyəcanlaşması getdikcə zəifləyir.Noyabrın 4-də Günəşdəki 2445 nömrəli aktiv regionda (AR) baş verən M-sinifli Günəş alışmasından sonra tac plazma kütləsi atılıb və zəif R1 sinifli radio sönməsi (radio blackout) müşahidə olunub.E.Babayev bildirib ki, hazırda Günəşin səthində 4 böyük aktiv region və 93 Günəş ləkəsi müşahidə olunur. 2443 nömrəli aktiv region çox böyük və geoeffektiv mövqeyə malik olduğundan (Günəşin görünən diskinin mərkəzində yerləşdiyindən), baş vermə ehtimalı 60% olan M-sinifli alışmalar baş verdiyi təqdirdə onların Yerə təsiri daha çox olacaq: "Digər tərəfdən, planetlərarası maqnit sahəsi müvəqqəti olaraq cənub istiqamətini göstərir və Günəş küləyinin sürəti normadan bir az yüksəkdir (520 km/san). Bunların hər ikisi əlverişli olmayan faktlardır və zəif geomaqnit həyəcanlaşması bu gün də davam edəcək. Hazırda Kp-nin qiyməti 2-yə bərabərdir (zəif həyəcanlaşma)".
Mənbə: Milli.Az