“Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah verən ölkə münaqişənin davamına xidmət edir”.
ANS PRESS-in məlumatına görə, bu sözləri NATO -nun Cənubi Qafqaz üzrə əlaqə zabiti Uilyam Lahyu (William Lahue) Ermənistandakı NATO Həftəsi çərçivəsində keçirilən mətbuat konfransında deyib.
NATO nümayədəsi bildirib ki, təşkilat münaqişənin tənzimlənməsi prosesində bilavasitə iştirak etmir: “Bu məsələ ilə məşğul olan təşkilatlar var. Davam etməkdə olan problem bütün regiona təsir edir. Mənfi təsir təkcə təhlükəsizliklə bağlı deyil, həm də bölgənin gələcəyi və iqtisadi inkişaf baxımından da özünü göstərir”.NATO nümayədəsinin bu açıqlaması Ermənistana və Azərbaycana silah satmaqla həm münaqişəni uzadan, həm də külli miqdarda pul əldə edən Rusiyaya yönələ bilər. ÇünkiRusiya hər iki tərəfi silahlandırmaq üçün canla başla səy göstərir.
Hətta Rusiya güzəştli şərtlər əsasında bu ildən etibarən Ermənistana 200 milyon dollar kredit ayıracaq. Bu vəsait respublikanın hərbi qüvvələrinin arsenalını müasir silahlarla genişləndirməyə imkan verəcək.
Bu barədə Ermənistan prezidentinin mətbuat-xidməti məlumat yayıb: “Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasında Ermənistana 200 mln. dollar kredit ayrılması barədə razılaşma əldə olunub. Bu Ermənistan hərbi qüvvələrinin yeni, müasir silahlarla təchiz olunmasına imkan verəcək”.
Rusiya Azərbaycana da kifayət qədər silah satır. Azərbaycan son illər Rusiyadan milyardlarla dollarlıq yeni silah sistemləri və hərbi texnika alıb və almaqda davam edir. Bir neçə il əvvəl Rusiya Azərbaycana 100 ədəd “T-90C” tankı göndərib. Bu barədə iki ölkə arasında anlaşma isə 2011-ci ildə imzalanmışdı. Bundan əlavə, “Rosvertol” şirkəti 2010-cu ilin sentyabrında iki ölkə arasında imzalanan anlaşmaya əsasən Azərbaycana 12 ədəd “Mi-35M” döyüş helikopteri göndərib.
Mənbə: ANS PRESS