Qadin.NET / Avtomobil nə zaman cərimə meydançasına aparıla bilər?

Avtomobil nə zaman cərimə meydançasına aparıla bilər?

 

Avtomobil nə zaman cərimə meydançasına aparıla bilər?

Avtomobillərin cərimə meydançalarına aparılması son dövrlərin ən aktual məsələlərdən biridir. 
Sosial şəbəkələrdə paylaşılan görüntülərdən sonra sürücülər daha çox bir sual ətrafında düşünürlər. Hansı hallarda avtomobil cərimə meydançasına aparılmalı, hansı halda isə elə yerində cərimə yazılmalıdır?
Nəqliyyat vasitəsinin müvəqqəti duracağa aparılması daha çox park edilmə qaydalarının pozulması nəticəsində baş verir.
“Dayanma və durma istisna olmaqla bütün hallarda, yəni yaranmış problemi 3 saat ərzində yerində aradan qaldırmaq mümkündürsə, nəqliyyat vasitəsi ümumiyyətlə mühafizə olunan duracağa qoyulmur. Məslən, avtomobilin şüşələrinə plyonka çəkilibsə, eləcə də avtomobili idarə edən sürücü sürücülük vəsiqəsinin evdə unutduğunu deyərək, onun evdə gətirilməsin təmin edirsə”, - deyə hüquqşünas Ərşad Hüseynov bildirib. 
İnzibati Xətalar Məcəlləsinin 407-ci və “Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydaları pozulduğu halda, həmçinin bu məcəllənin 406.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitələri müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanıla bilər. 
Maddənin tələblərinə nəzər saldıqda isə məlum olur ki, avtomobil yalnız onun sahibinin olmadığı halda evakuatorla cərimə meydançasına aparıla bilər.
“Qadağan edilmiş ərazidə nəqliyyat vasitəsi saxlanılırsa və bu proses saatlarla davam edirsə, təbii ki, həmin nəqliyyat vasitəsi xüsusi halda evakuatorla cərimə meydançasına daşınır. Məhz avtonəqliyyat vasitəsinin evakuasiya edilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən təyin edilmiş rüsum mütləq ödənilməlidir”, - deyə BŞBDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov qeyd edib. 
Bundan başqa “Yol hərəkəti haqqında” qanunun müvafiq maddələrinə əsasən əgər sürücü içkilidirsə, avtomobilin sahibi bəlli deyilsə, yaxud onu idarə edən şəxsin sürücülük vəsiqəsi ümumiyyətlə yoxdursa və avtoxuliqanlıq halı aşkar edilərsə, o zaman avtomobil cərimə meydançasına aparıla bilər. 
Buna baxmayaraq avtomobil aparıldıqda qanuni tələblərin yerinə yetirilməsinə diqqət edilməlidir.
Bu qanunu pozan şəxslərdən isə şikayət etməyə hər kəsin haqqı var.

 

Mənbə: ANS PRESS

4 noyabr 2015
GO BACK