Almaniyanın kansleri Anqela Merkel Balkan ölkələrində hərbi münaqişələr ola biləcəyinə dair xəbərdarlıq edib. ANS PRESS-in məlumatına görə, ötən gün Darmştadt şəhərində Xristian Demokrat Partiyasının (CDU) tədbirində iştirak edən Merkel miqrantlar səbəbindən ölkələrin sərhədlərini bağlamasının sonda hərbi insidentlərə çevrilə biləcəyini deyib. Bölgədə gərginliyin çoxaldığını deyən Anqqela Merkel bu yerdə təkrar döyüşlər istəmədiyini vurğulayıb.
“Mən bu yerlərdə təkrar hərbi münaqişələr başlamasını istəmirəm.” – deyən Merkel sərhədlərin qapadılması fikrinə qarşı olduğunu ifadə edib.
Bundan əvvəl hökumətin koalisya ortağı olan Xristian Birlik Partiyası (CSU) ilə Almaniyanın polis həmkarlar ittifaqı miqrant axınının qarşısını almaq məqsədilə sərhədlərin bağlanması üçün müraciət etmişdilər. Bədbin olmaq istəmədiyin deyən Merkel mübahisələrin az vaxt ərzində qarşıdurmalara çevrilə biləcəyi istiqamətində xəbərdarlıq edib. Sərhədlərin bağlanmasının problemin həlli olmadığını deyən kansler miqrantların bu dəfə başqa yollara düşdüklərini, bunun isə yeni problemlərə səbəb olduğunu xatırladıb. Anqela Merkel Almaniyanın miqrant problemini həmrəyliklə həll olunmasına tərəfdar olduğunu deyib.
Yaxın Şərqdə və Cənubi Asiya ölkələrində müharibə şəraitində yaşayan yerli əhalinin daha yaxşı bir həyat ümidi ilə Avropaya kütləvi axını başlayıb. Ən ibtidai şərtlərlə həyata keçirilən “daha yaxşı həyat” yolçuluğu bir çox hallarda ölümlə nəticələnir.
BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarı Antoniu Qutyerreş təkcə bu ilin əvvəlindən Aralıq dənizi yolu ilə 750 000 qaçqının Avropaya sığındığını deyib.
Mənbə: ANS PRESS