Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov Azərbaycanın mənzil bazarındakı son vəziyyəti təhlil edərkən bildirib.Ekspertin sözlərinə görə, aparılan qiymət monitorinqləri göstərir ki, son 1 ildə mənzil bazarında qiymətlər 14 faiz aşağı düşüb. Onun fikrincə, qiymətlərin düşməsinin əsas səbəbi, ilk növbədə, alıcıların sayının və tələbin azalması ilə bağlıdır: "Baxmayaraq ki, bəzi KİV-lərdə mənzillərin qiymətlərinin artması ilə bağlı məlumatlar yayılır, əminliklə deyə bilərəm ki, bu, süni tələb formalaşdırmağa hesablanıb. Çünki monitorinqlər göstərir ki, bu gün mənzil bazarında qiymət artımı müşahidə edilmir. Bazarda iki qiymət olur: təklif edilən qiymət və real qiymət. Məsələn, mənzil sahibi öz mənzilini 120 min manata satmağa çalışır və bunu son qiymət kimi təqdim edir və bu qiymətdən aşağı düşməyəcəyini bildirir. Amma təcrübə göstərir ki, real alıcı olduqda və mənzilə görə 100 min manat təklif edilirsə, həmin mənzil satılır. Yəni təklif edilən və real qiymətlər arasında kəskin fərq olur. Təklif edilən qiymət real qiymətdən daha yüksək olur".
Onun fikrincə, bazarda tələbin azalması dünyada mənzil bazarında baş verən dəyişikliklərlə də bağlıdır: "Çünki həm dünya, həm də region bazarında ucuzlaşma müşahidə edilir. Bu da Azərbaycan bazarına təsir edir. Yaınız neft ölkələrində də, qeyri-neft ölkələrində də bu tendensiya müşahidə edilir".
İqtisadçı qiymətlərin aşağı düşməsinin digər səbəblərini də açıqlayıb: "Bu, həm də Rusiyadakı böhrandan sonra oradan yaşayan azərbaycanlıların Azərbaycandakı mənzil bazarına tələbatının azalması və bu bazarın kommersiya baxımdan cəlbedici olmaması ilə bağlıdır. Artıq Azərbaycanın mənzil bazarı əvvəlki cəlbediciliyini itirib. Çünki əvvəllər burada mənzili alıb müəyyən müddətdən sonra gəlir əldə etmək mümkün idisə, indi artıq mənzillərin qiyməti aşağı düşdüyü üçün bu sahə gəlir gətirmir. Gəlir gətirmədiyi üçün də mənzillər kommersiya məqsədi daşımır. Eyni zamanda, vətəndaşların qənaətə, yığıma üstünlük verməsi də bazarda alıcıların sayının azalmasına və qiymətlərin aşağı düşməsinə təsir göstərir".
Mənbə: Milli.Az