Qadin.NET / Türkiyə seçim edir

Türkiyə seçim edir

Türkiyə seçim edir
Bu gün Azərbaycan ilə yanaşı Türkiyədə də təkrar seçkilər keçirilir. ANS PRESS-in məlumatına görə, Türkiyədə iyun ayında Böyük Millət Məclisinə keçirilən seçkidən sonra koalisiyanın yaradılmasına dair danışıqlar baş tutmayıb. Bu gün bu ölkə son beş ayda ikinci dəfə parlament seçkisində iştirak etmək üçün seçki məntəqələrinə üz tutacaq. 
54 milyon 49 min 940 seçici 17506 məntəqədə səsvermə hüququndan istifadə edəcək. Bu məntəqələrdən 358-i həbsxanalardadır. Seçkidə 16 siyasi partiya və 21 bitərəf namizəd mübarizə aparacaq. 
Məntəqələr Türkiyə vaxtı ilə saat 08:00-dan 17:00-dək açıq olacaq. 
Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olub. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olsa da ölkədə koalisiya hökuməti qurulması barədə başlayan müzakirələr nəticəsiz qalıb.

Mənbə: ANS PRESS

1 noyabr 2015
GO BACK