Azərbaycanda Aşura günü qan verən 5 min 136 nəfərdən 284-nün qanında təhlükəli infeksiyanın aşkarlanması maraqlı bir məsələni gündəmə gətirir. Məlum olur ki, insanlar mütəmadi tibbi müayinədən keçmirlər. Bu isə onlarda olan hər hansı bir xəstəlikdən xəbərsiz olması və bu xəstəliklərin isə sonradan daha da dərinləşməsilə nəticələnir.
ANS TV-nin məlumatına görə, Aşura günü insanların savab qazanmaq niyyətilə iştirak etdiyi qanvermə aksiyası başqa bir problemi gündəmə gətirdi.
Toplanan 5 min 136 qan vahidinin 284-ü ilkin yoxlamalar zamanı yararsız hesab edilib. Bəzi qan nümunələrində hepatit B, C, siflis və QİÇS virusu aşkarlanıb.
Bu xəstəliklər bütün dünyanın mübarizə apardığı təhlükəli viruslardır. Bir günlük Aşura mərasimilə əlaqədar verilən qanlarda bu cür virusların aşkarlanması mütəmadi müayinələrin önəmini bir daha vurğulayır.
Qanunvericiliyə görə hər bir Azərbaycan vətəndaşı qeydiyyatda olduğu tibb müəssisəsində - poliklinikada pulsuz müayinə olunmaq hüququna malikdir. Hətta bu məqsədlə ilin əvvəlində əhalinin icbari dispanzerizasiyasına start verildi.
Bundan başqa Azərbaycanda cari ilin ortalarından evlilikdən öncə tibbi müayinənin tətbiqinə başlanıldı.
Buna baxmayaraq hamıya məlumdur ki, Azərbaycanda vətəndaşların əksəriyyəti tibbi müayinələrdən keçməkdə elə də maraqlı deyillər. Hətta bəzi iş yerlərində ildə bir dəfə tələb olunan sağlamlıq arayışları belə çox vaxt qeyri-leqal yollarla əldə olunur.
Mütəxəssislər bunu sağlamlığa ənənəvi yanaşmanın təzahürü hesab edirlər.
Ekspertlər isə həm əhalidə, həm də tibb müəssisələrində müayinələrə marağı artırmaq üçün məcburi tibbi sığorta sisteminin tətbiqini vacib sayırlar.
Bununla həm səhiyyədə keyfiyyətli tibbi müayinə əlçatan olacaq, həm də insanların qeyri-leqal yollarla sağlamlıq arayışı alması mümkünsüzləşəcək.
Mənbə: ANS PRESS