Çörəyin çəkisinin azaldılması məsələsi yenidən gündəmə gəlib.Milli.Az anspress-ə istinadən bildirir ki, hələ çörəyin qiymətinin artmasına rast gəlinməsə də, çəkinin azalması ilə bağlı narahatlıq var. Bu narahatlıq isə əsasən paketlənməmiş, açıq şəkildə satılan məhsullardadır. Çünki paketlənmiş çörəklərdə məhsulun çəkisi konkert göstərildiyi halda, açıq şəkildə satılanlarda bu olmur. Ona görə də alıcılar bu çörəklərin çəkisinin azaldığını güman edir. Məsələ ilə bağlı paytaxtın ən iri çörəkbişirmə müəssisələrindən birində bildirdilər ki, insanların məhsulun çəkisi ilə bağlı şübhələrinə əsas yoxdur. Çünki əksər avadanlıqlar avtomatlaşdırılıb. O üzdən çörəklər demək olar ki, standart şəkildə buraxılır.Müəssisənin icraçı direktoru Elman Bağırov bildirdi ki, istehsal olunan çörəklər 700 qramdan aşağı olmur. Bütün çörəklər eyni çəkidə olur.
İstənilən halda mübahisələrə son qoymaq üçün bütün müəssisələr məhsulu paketləməyə çalışır. Bununla da vətəndaş aldığı çörək haqqında bütün informasiyaya sahib ola biləcək.Bütün istehsalçıların çörəyin çəkisini paketin üzərindən göstərməsindən sonra artıq belə çıxır ki, məhsulun çəkisi ilə manevr etmək imkanları olmayacaq. Çünki alıcı çörəyi çəkən kimi onun üzərindəki rəqəmin yalnış olduğunu, başqa sözlə aldadıldığını anlayacaq. Bu zaman digər məsələ ortaya çıxır. Paketlənmənin dəyəri məhsulun qiymətinə əlavə oluna bilər. Standartlaşdırma Metralogiya və Patent üzrə Dövlət Kommitəsindən verilən məlumata görə, bu gün çörəyin xüsusi qablarda paketlənməsi məcburi deyil. Bu sadəcə müsbət bir addım kimi qarşılanır. Çörəyin paketdə, yaxud açıq satılmasından asılı olmayaraq onun çəkisinin azaldılmasından narazılığı olanlar isə Antiinhisar Xidmətinə müraciət etməlidir.
Mənbə: Milli.Az