"İradənin gücü" adlı hekayədə Nahidə öyüd-nəsihət verən Dilbər müəllimin bığlı rəsmi ilə adının arasında çox böyük ziddiyyət var. Hekayə ümumilikdə heç bir məna ifadə etmir. Məntiqdən kənar hekayənin müəlliflərinin azyaşlılara təqdim etdiyi müəllimə qadın adının verilməsi təəccüb doğurur.Adlar kitabında isə Dilbər "Ürək aparan, könül açan, ürək çəkən qız" kimi ifadə edilir.Söz yox ki, Azərbaycanda və eləcə də dünyanın digər ölkələrində eyni adın həm kişiyə, həm də qadına qoyulması adi haldır. Məsələn, bizdə Qismət, Qənimət, Yavər, Arzu, Laçın, Tərlan kimi adlar var ki, bu adlar həm qızlara, həm də oğlanlara verilir. Çünki bu adlar konkret cinsə aid edilmir. Məsələn, Qismət adının mənası "bəxt, bəxtə çıxan şey, tale, nəsib" kimi fikirləri ifadə edir ki, bunun da qadın və ya kişi cinsinə adiyyəti yoxdur.Amma Dilbər ərəb sözü olub, könül aparan qadın mənasını verir. Lap klassik şairlərimizdən üzü bu yana dilbər daim qadın gözəlliyini vəsf edən söz kimi işlənib:
"Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər, Nə dilbər?
Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər".
Bu, Həsənoğlunun məşhur qəzəlindəndir.
Və ya İmaməddin Nəsiminin "Neylərəm" qəzəlindəki müraciəti:
"Dilbəra mən səndən ayri ömrü-canı neylərəm
Tacu-taxtı, mülki-malı, xanimanı neylərəm?"
Bu gün 5-ci siniflərə təbliğ olunan Dilbər müəllimi artıq yuxarı siniflərdə Həsənoğlunun, Nəsiminin qəzəllərində gözəl-göyçək qız kimi təqdim edəcəklər. O zaman bizim zavallı şagirdlərimiz Məşədi İbad kimi çaş-baş qalacaqlar və yəqin ki, onlarda bu sual yaranacaq: Bir baxıb görəydiniz bu Dilbər qadındır, yoxsa kişi?...Yəqin ki, bizi narahat edən bu suala Təhsil Nazirliyi və aidiyyəti qurumlar cavab verməyəcək. Amma bu, bir sual deyil, sualdan sual doğur; axı orta məktəblərdə "mavi"liyi təbliğ edənlərin məqsədi nədir?
Mənbə: Milli.Az