Qadin.NET / CHP-dən qalmaqallı Azərbaycan iddiası

CHP-dən qalmaqallı Azərbaycan iddiası

 

CHP-dən qalmaqallı Azərbaycan iddiası

Türkiyədə seçkiyə qalan müddət azaldıqca rəqib partiyaların bir-birinə qarşı mübarizələri kəskinləşir. Təəssüf ki, bəzi siyasətçilər bu mübarizədə Azərbaycan və Dövlət Neft Şirkətindən bir alət kimi istifadə etməyə çalışır. Ölkənin ana müxalifəti olan CHP AKP-ni və SOCAR-ı Türkiyəyə milyardlarla dollar zərər vurmaqda ittiham edib. Artıq bu ittihamlara tutarlı cavab da verilib.
ANS TV-nin Türkiyə bürosunun məlumatına görə, son günlər Türkiyədə ən çox müzakirə olunan məsələlərdən biri ana müxalifət Cümhuriyyət Xalq Partiyasının hakimiyyətə qarşı çıxışlarında Azərbaycanın, eləcə də SOCAR-ın adını hallandırmasıdır. 
CHP-dən olan millət vəkili Aykut Ərdoğdu iddia edir ki, Türkiyə Azərbaycanla imzaladığı qaz alışı sazişinə görə milyardlarla dollar itkiyə məruz qalıb.
Onun sözlərinə görə, 2001-ci ildə imzalanan sazişdə qiymətlərin dünya bazarından asılı olaraq dəyişməsi nəzərdə tutulurdu. Amma sonradan sazişin qiymətlə bağlı şərtləri dəyişdirilib və bundan Türkiyə itirib:
“Ötən iki illik qiymət fərqi müqabilində Türkiyə Azərbaycana ümumilikdə 1, 4 milyard dollar pul ödəyib”.
CHP üzvünün iddiasına görə, müqavilənin qüvvədə olduğu müddətdə Türkiyənin zərəri 10 milyarda yaxın olub.
Məsələ ilə bağlı SOCAR Türkiyə şirkətinin rəhbəri Kənan Yavuz bildirib ki, indiyədək Türkiyə ən ucuz qazı məhz Azərbaycandan alıb. Üstəlik bu günə qədər ümumilikdə Türkiyə Azərbaycandan heç 10 milyard dollarlıq qaz almayıb. Necə olar bilər ki, 10 milyardlıq ziyana düşsün?
Türkiyənin enerji naziri Ali Riza Alaboyun isə deyib ki, ümumiyyətlə heç bir zərərdən söhbət getmir. CHP-nin məqsədi indiki hakimiyyətin işlərinə, eləcə də Azərbaycanla birgə həyata keçirdiyi TANAP kimi nəhəng bir layihəyə qara yaxmaqdır.

 

Mənbə: ANS PRESS

27 oktyabr 2015
GO BACK