Qubada hündür dağ massivində çobanlar istəmədən qədim insan qəbirləri aşkarlayıblar. Tapılan qəbirlərin baş daşı yoxdur.
ANS TV-nin məlumatına görə, Qubanın dağlıq zonada yerləşən Ördüc kəndi yaxınlığında çobanlar qədim qəbirlər tapıblar.
Belə ki, Qubanın dəniz səviyyəsindən 2600 metr hündürlükdə yerləşən hündür dağ massivi ərazisindən qışlağa doğru gedən çobanlar qədim qutu qəbirlər aşkarlayıblar. Bu qəbirlərin digər qədim qəbirlərdən fərqi ondadır ki, qəbirlərin baş daşı yoxdur.
Aşkar edilən qəbirlərin sayı 13-dür. Qəbirlərin yağan leysan yağışlar nəticəsində üzə cıxdığı deyilir.
Xaçmazın Seyidlər kəndində yaşayan tarix müəllimi Ramiz Əliyev hesab edir ki, bu qəbirlər uzaq keçmişdə mövcud olan və köçəri həyat tərzi keçirən türk tayfalarına məxsus ola bilər:
“Ola bilsin ki, bu qəbirlər bizim eradan əvvəl 2-ci minilliyə aid olsun. Çünki ondan sonra Azərbaycan ərazisində, türk tayfalarının oturaq həyat tərzinə keçməsi sürətləndi”.
Tapıntı ilə bağlı Azərbaycan Milli Elimlər Akademiyasının Arxeologıya və Etnografıya İnstitutunun Quba soyqırımı üzrə ekspediyasının rəhbəri Qəhrəman Ağayev isə hesab edir ki, həmin qəbirlər çox maraqlı qədim insan qəbirləridi. Və bu qəbirlərə yerində baxıb araşdırma aparandan sonra tam-dəqiq söz demək mümkündur.
Həmçinin Qəhrəman Ağayev bununla bağlı həmin əraziyə baxış keçirmək üçün Qubaya ezam olunacaqına şərait yaratmaq üçün institut rəhbərliyi qarşısında məsələ qaldıracaqını deyib.
Mənbə: ANS PRESS