Ötən gün Amerika hərbisi Rusiyanın anti-terror əməliyyatları zamanı yaşayış məntəqələrinə kasset tipli bombalar atdığını bildirib.
Baxmayaraq ki, 2010-cu ildən etibarən bu tip silahların istifadəsi 30 ölkə tərəfindən qadağan edilib.
Rəsmi Moskva Amerikanın iddialarını təkzib edib. Həmçinin Suriyada yerli xəstəxanalardan birinin vurulması faktının da yalan olduğunu bildirib.
Rusiya prezidenti Vladimir Putin sonuncu çıxışlarından birində Suriyada keçirilən hərbi kampaniyaya haqq qazandırmağa çalışıb.
“Nəyə görə amerikalı tərəfdaşlarımızın və onların müttəfiqlərinin İŞİD-ə qarşı mübarizə cəhdləri zərrə qədər də olsa, öz müsbət təsirini göstərmirdi? Çünki həmişə iki tərəfli oyun oynamaq çətin olub. Onlar bir tərəfdən İŞİD-ə qarşı müharibə elan edirlər, digər tərəfdən terrorçulardan Yaxın Şərqin “şahmat lövhəsi”ndə öz maraqlarına uyğun gedişlər edirlər”, - deyə Rusiya prezidenti bildirib.
Putin qeyd edib ki, artıq dünya ictimaiyyəti başa düşməlidir ki, biz bütün bəşəriyyətin düşməninə qarşı mübarizə aparırıq. Onun sözlərinə görə, bu düşmən dünya dinlərini, o cümlədən, İslami dəyərləri ayaqlar altına atır.
Mənbə: ANS PRESS