ANS PRESS-in məlumatına görə, bu, cari il üçün nəzərdə tutulan 131 manatlıq səviyyədən 3,8 faiz yüksəkdir.
2016-cı ilin büdcə xərclərində, ümumiyyətlə, 22,9 faiz azalma olmasına baxmayaraq, Azərbaycan artıq on ildir ki, davam edən ənənəyə uyğun olaraq bu il də yaşayış minimumunu, uyğun olaraq müvafiq sosial ayırmaları artırıb. 2015-ci il büdcəsində də yaşayış minimumu əvvəlki ilə baxanda 4,8 faiz artırılmışdı.
“Yaşayış minimumu haqqında” qanuna əsasən, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni vətəndaşın yaşaması üçün lazım olan ərzaqların, geyimlərin və digər məişət avadanlıqlarının, həmçinin kommunal xidmətlərin toplam qiymətindən ibarətdir. Ölkədə bir çox sosial müavinətlər bu göstərici əsasında müəyyən edilir.
Bütövlükdə götürəndə, son 10 il üzrə yaşayış minimumu 112,5 faiz, yəni təxminən 2,1 dəfə artıb. 2006-cı ildə Azərbaycanda yaşayış minimumunun qiyməti 64 manat təşkil etmişdi.
Azərbaycanın təxminən 130 dollara bərabər yaşayış minimumu göstəricisi region ölkələri müstəvisindən baxanda da normal görünür. Məsələn, bu, Rusiyanın 158 dollara bərabər göstəricisindən aşağı olsa da, Gürcüstanın 70 dollara bərabər müvafiq göstəricisindən xeyli yüksəkdir.
Mənbə: ANS PRESS