Qadin.NET / Yığmamız dünya üçüncüsü oldu, Kuba liderliyə qayıtdı

Yığmamız dünya üçüncüsü oldu, Kuba liderliyə qayıtdı

Yığmamız dünya üçüncüsü oldu, Kuba liderliyə qayıtdı
Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatının medallarına 18 ölkə boksçusu sahib çıxıb. APAsport.Az saytının məlumatına görə, 73 ölkədən 260 idmançının qatıldığı mundialda 40 mükafatdan 4-ü Azərbaycan millisinin payına düşüb.

Yarışın "qızılları" 6 ölkə arasında bölünüb. Mundialda himni səslənənlər arasında Azərbaycan millisi də yer alıb. Medal sayına görə Dohada tarixinin ən yaxşı nəticəsini qazanan yığmamız yarışda dünyanın aparıcı ölkələrini qabaqlayıb. Komandamızın liderlərindən Elvin Məmişzadənin (52 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxması Özbəkistan, Qazaxıstan, Ukrayna və Çin kimi aparıcı boks ölkələrinin həsədinə səbəb olub.Ölkəmiz medal əyarında olduğu kimi, sayında da bir çox yığmalar üçün nümunə olub. Belə ki,Albert Səlimovun (60 kq) gümüş, Pərviz Bağırovla (69 kq) Abdulqədir Abdullayevin (91 kq) bürünc medal qazanması mükafatlarımızın sayını 4-ə çatdırıb. Bu isə yekun medal siyahısında Rusiya ilə eyni gücdə olmağımızı ortaya qoyub. Cədvəldə ikinci olan şimal qonşularımız yalnız medalların əyarında millimizi qabaqlayıblar. İlk "üçlüyü" Azərbaycanın qapadığı siyahıda Kuba yenidən liderliyə qayıdıb.
 Ümumilikdə finalda 8 ölkənin boksçuları mübarizə aparıblar. Əgər onlardan 6-sı çempion olubsa, ikisi "qızıl"ın bir addımlığında büdrəyib. Bu "səkkizliyə" bürünc medal qazanan 10 ölkə də qoşulduğu halda 55 yığma fəxri kürsüyə "buraxılmayıb". Onlar arasında Türkiyə, Almaniya, İtaliya kimi lider ölkələr də var.Qeyd edək ki, 2013-cü ildə Almatıda keçirilən dünya çempionatında da Azərbaycan medal sayında 3-cü olmuşdu. Həmin vaxt 2 qızıl və 1 bürünc mükafat qazanan yığmamız Qazaxıstan (4-2-2) və Kubadan (2-2-1) geri qalmışdı.

Mənbə: Milli.Az

16 oktyabr 2015
GO BACK