Azərbaycanda sosial sığorta sistemi yeni yaranır və bu istiqamətdə real işlər görülür. Bu gün mühüm və əsas məqam ondan ibarətdir ki, sosial sığorta vergidən daha əhəmiyyətli, daha vacib görünür. Sosial sığortanın əsas funksiyası təqaüdə çıxanların pensiyasını təmin etməkdən ibarətdir. Məlumdur ki, bütün ölkələrdə pensiyaçılar var. Ona görə, hökumət, ümumiyyətlə, dövlət yeni imkanlar axtarır, humanist və vətəndaşlarını əsaslı təmin edəcək sosial siyasət həyata keçirir. Təbii ki, sosial siyasətin reallaşdırılması üçün qərar, realizə etmək üçün isə vəsait lazımdır. Bəs bu vəsait haradan əldə olunmalı, toplanmalıdır?İqtisadçı alim Oqtay Haqverdiyev ANS PRESS-ə deyib ki, bizdə vətəndaşların pensiyasını ödəmək üçün dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna datasiya verilir. Amma bir çox inkişaf etmiş ölkələrdə büdcədən belə Fonda heç vaxt vəsait ayrılmır. İnkişaf etmiş ölkələrdə həm özəl fondlar var, yüzlərlə müəssisə, işəgötürən təşkilatlar mütləq o fonda qanunvericilikdə nəzərdə tutulan həcmdə vəsait ayırır. Azərbaycanda sosial sığorta haqqı 22 faizdir. Yəni işə götürən mənfəətdən, ümumi gəlirdən yox, əmək haqqı fondundakı vəsaitdən 22 faizini fonda köçürür. İnkişaf etmiş ölkələrdə həmin fondlara icazə verilir ki, onlar bank kimi orada toplanan vəsaiti dövriyyəyə buraxsın, kredit versin, faizdən gəlir götürsün və beləliklə, onlar dövlətdən və onun büdcəsindən asılı olmasınlar. Bizdə də bu sistem tədricən yaranacaq, onlar bank sistemi ilə əlaqəli olacaq və kredit verəcəklər. Bu sistem təkcə bizdə deyil, bütün MDB ölkələrində yoxdur. Xüsusilə Rusiyada, pensiyaçılara büdcədən ən böyük məbləğdə vəsait ayrılır. İndi onlar üçün ciddi problem yaranıb. Onlar bu problemdən, böhrandan necə çıxmağın yollarını axtarırlar. Amma Azərbaycanda bu problemlərin yaşanmaması üçün ölkə Prezidenti tərəfindən 2006-cı ildə mühüm tarixi qərar verildi və bu, sosial sığorta sisteminin tədbiqinə yol açdı. Dövlətin yükünü azaltmaq üçün bu son dərəcə mühüm qərardır. Çünki ölkədə ilbəil pensiyaçıların sayı artır, uzunömürülülk artır. Belə olan halda vəziyyət dəyişir.
Mənbə: ANSD PRESS