Tələbələrə uzunmüddətli təhsil kreditləri veriləcək.
ANS TV-nin məlumatına görə, Təhsil naziri Mikayıl Cabbarovun səsləndirdiyi bu təklif əslində 2005-ci ildən baloniya sisteminə keçən bir ölkənin təhsil sistemi üçün yenilik hesab edilmir. Çünki baloniya sisteminin əsas şərtlərindən biri də tələbələrə təhsil kreditlərinin verilməsidir.
Tələbələrə uzunmüddətli təhsil kreditlərinin verilməsi ölkədəki ali təhsil ocaqları üzrə aparılacaq. Bu cür kreditlər kommersiya xarakteri daşımır, sosial layihə formatında tətbiq olunur və illik faiz bir çox ölkələrdə 8 faizi üstələmir. Məsələn, Amerika Birləşmiş Ştatlarında təhsil krediti 2-5 faizlə verilir.
Maraqlıdır ki, bankların ən azı 25 faizlə kredit verdiyi bir vaxtda Təhsil Naziriyinin yaradacağı Maarifçi Fondu tələbələrə neçə faizlə kredit verəcək və bu hansı tələbələrəə şamil ediləcək? Lakin fondun ilin sonuna qədər formalaşacağını nəzərə alsaq, bu faizlərin də müəyyənləşdirilməsi hələ vaxt aparacaq. Təhsil Nazirliyindən isə bildirilir ki, uzunmüddətli kreditlər ödənişli əsaslarla təhsil alan tələbələrə şamil ediləcək.
Ekspertlər isə hesab edirlər ki, ilk növbədə tələbələr üçün nəzərdə tutulan uzunmüddətli təhsil kreditlərinin şərtləri dəqiqləşdirilməlidir, yalnız bundan sonra kreditlərin qaytarılması prosesindən danışmaq olar.
Təhsil üzrə İctimai Birlik sədri Etibar Əliyev deyir ki, tələbə təhsil aldığı dövrdə aldığı kreditin faizini ödəyir. Daha sonra isə o kreditin özünü qaytarmağa başlayır. Yəni tələbə universiteti bitirdikdən sonra bu krediti ödəməlidir
Burada təzadlı bir məqam da var. Yəni beynəlxalq təcrübə göstərir ki, banklar o ali təhsil ocaqlarının tələbələrinə kredit ayırmağa meyllidir ki, həmin tələbələr məzun olduqdan sonra özlərinə iş tapa bilsinlər. Hər halda sistemin tətbiqinə start veriləndə, nəticə də bəlli olacaq. Əsas odur ki, təhsil kreditlərinin verilməsi, tələbələrin bu sistemdən normal yararlana bilmələrinə imkan versin.
Mənbə: ANS PRESS