ANS TV-nin məlumatına görə, ərzağın qiymətində dəyişikliyin olması ilə bağlı bir neçə mağazada müşahidə aparılıb. Nəticə isə elə də ürəkaçan olmayıb. Məsələn bir sıra ərzaq məhsullarının qiymətində cüzi də olsa artım var.
Ərzağın növündən asılı olmayaraq qiymətlər arasındakı artım tempi 20-50 qəpik arasında dəyişir. Əsas artım isə yumurtanın qiymətində hiss olunur. Bir neçə gün əvvəl 8 qəpiyə satılan yumurta indi alıcıya 13 qəpiyə təklif olunur. Ümumilikdə ərzaq məhsullarının qiymətində olan dəyişikliyi alıcılar da təsdiq edir.
Satıcılar isə deyir ki, topdan satış mərkəzlərindən aldıqları ərzağın qiyməti artdığı üçün mağazada da bu artım müşahidə olunur. Yəni prosses bir tərəfli baş verməyib. Hər halda bu qiymət artımı cüzi də olsa alıcının büdcəsində özünü göstərir.
Ekspertlər deyir ki, əgər əvvəl 4 nəfərlik ailənin aylıq ərzaq büdcəsi orta hesabla 200 AZN təşkil edirdisə, indi bu rəqəm 210-215 manat arasında dəyişir.
İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə isə bəzi hallarda sahibkarlar qiymətləri süni artırır. Burada isə məqsəd yaranmış vəziyyətdən istifadə edib daha çox gəlir əldə etməkdir.
Qiymət artımı ilə bağlı İqtisadiyyat və Sənayə Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə bildirildi ki, son 10 gün ərzində bazarlarda monitorinqlər aparılıb. Nəticədə qiymət artımına rast gəlinməyib.
Mənbə: ANS PRESS