Qadin.NET / Valideynlərin nəzərinə: uşaqları silkələməyin

Valideynlərin nəzərinə: uşaqları silkələməyin

 

Valideynlərin nəzərinə: uşaqları silkələməyin


 

Uşağın ağlamağından yorulmuş, bezmiş cavan valideynlər bəzən körpəni sakitləşdirmək məqsədi ilə onu silkələyir.
Və ya uşaqla oynayanda ana və ya ata uşağı silkələyir, yuxarı atır. Təəssüf, əksər valideynlər bilmir ki, bu adi hərəkətlər körpənin sağlamlığında çox ciddi iz qoya bilər, hətta uşağın ani ölümü ilə nəticələnə bilər. Bu, xüsusilə 2 yaşına kimi olan uşaqlar üçün təhlükəlidir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu problem son illər bütün dünyada çox ciddi müzakirə olunur və tədqiq edilir. Xarici ölkələrdə xüsusi eksperimentlər aparılır. Bu problemin adı "silkələnmiş uşaq sindromu"dur (ingilis dilində - Shaken Baby Syndrome).
2 ayından 4 ayına kimi olan müddət ərzində körpələr daha çox ağlayır ki, dünyada bu sindromun diaqnozu məhz bu yaşda olan uşaqlara daha tez-tez qoyulur. Statistikaya əsasən, atalar analarla müqayisədə körpələri daha tez-tez silkələyir. Affekt halında olan böyük uşağı çox güclü silkələyə bilər. Güclü silkələnmə nəticəsində uşağın beyin toxumalarına və qan damarlarına ciddi ziyan vurulur - beyin hüceyrələrinin membranları yırtılır, damarlar partlayır.
Silkələnmiş uşaq sindromunun simptomları: qusma, süstlük, daha ağır vəziyyətlərdə - bayılma və qıcolmalar. Bu simptomlar silkələmədən bir neçə gün sonra meydana çıxa bilər. Silkələnmə nəticəsində alınmış travmalar uşaqda əqli zəifliyinə, iflicə, epilepsiyaya, korluğa səbəb ola bilər. Ən pis halda uşaq güclü silkələmədən dərhal sonra ölə bilər.
Hətta yüngül belə travma illər keçdikcə özünü büruzə verə bilər. Belə uşaqlar məktəbdə pis oxuyur, onların davranışlarında problemlər yaranır, böyük yaşlarda onlarda epilepsiya inkişaf edə bilər.
Tək uşağın özünü deyil, uşaq olan beşiyi və ya uşaq arabasını da güclü silkələmək olmaz.
Ağlama uşaq üçün ətraf aləmlə olan yeqanə ünsiyyət vasitəsidir. Ağlamaqla uşaq anaya siqnallar verir - "mən acam", "mənə soyuqdur", "mənim qarnım ağrayır" və s. Uşaq bunu valideyni özündən çıxartmaq üçün etmir! Uşağın ağlamağı səbəbsiz olmur! Əgər uşağınız tez-tez ağlayırsa, mütləq pediatra müraciət edin. Bunun səbəbi hər hansı pozulma və ya xəstəlik ola bilər.
Əgər uşaq fasiləsiz ağlayırsa və siz artıq özünüzü kontrol edə bilmirsinizsə, otaqdan çıxın, sakitləşin və ya uşağı digər ailə uzvünə tapşırın.
Uşaqlarınızı qoruyun!

 

Mənbə: Milli.Az

14 oktyabr 2015
GO BACK