Qadin.NET / Məhərrəm ayının başlanması ilə bağlı fətva verildi

Məhərrəm ayının başlanması ilə bağlı fətva verildi

Məhərrəm ayının başlanması ilə bağlı fətva verildi
Məhərrəm ayı oktyabrın 15-i başlayacaq.
ANS PRESS-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib. Bu gün keçirilən QMİ Qazılər Şurasının iclasında bu tarixlə bağlı fətva verilib. 
Fətvada bildirilir ki, bu il Hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır. QMİ-nin Qazılar Şurası bildirir ki, yeni Hicri 1437-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə2015-cü il oktyabr ayının 15-nə təsadüf edir.
Fətvada deyilir ki, məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir: "Bu ay Həzrət Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İslam tarixinə İmam Hüseyn Əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Müsəlman ümmətinin tarixinə kədərli, lakin eyni zamanda, insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. 
Belə ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.
Fətvada qeyd olunur ki, Məhərrəm ayının 10-u - Aşura günü 2015-ci il oktyabr ayının 24-nə təsadüf edir. Bu münasibətlə bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn əleyhissəlamın əzadarlığının İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edirik: 
"Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə icazəli şəkildə ayrılmış xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi olmaqla təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq zəncir, sinə vurmaqla qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə xəsarət yetirməməlidirlər".

Mənbə: ANS PRESS

13 oktyabr 2015
GO BACK