“Qırmızı Kitab”a salınmış bəbir növünü ovlayıb dərisini satmaq istəyərkən tutulan şəxs külli miqdarda cərimələnib.
Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarına əsasən bəbirin qanunsuz ovu üçün təbiətə dəymiş ziyan 3000 manat, dövlət təbiət qoruqlarının və milli parkların ərazilərində bəbirin qanunsuz ovu baş verdikdə isə həmin məbləğ 3 qat ölçüdə tətbiq olunur. Hazırki brakonyerlik faktı ilə bağlı Natiq Nəbi oğlu Böyükzadə 9000 manat məbləğində cərimə olunub,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258-ci maddəsinə müvafiq olaraq, əməlində cinayət tərkibi olduğundan saxlanılıb. Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin mühafizəsi ilə bağlı aparılan tədbirlər sırasında bəbir xüsusi yer tutur. Bu nadir növ Ümumdünya Təbiəti Mühafizə İttifaqının (İUCN) “Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib.
Hadisədən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu İDEA- Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi (WWF) təşkilatı Azərbaycanda nəsli kəsilməkdə olan bəbirin öldürülməsindən narahatçılığını bildirmişdi və vətəndaşları belə hallarla qarşılaşdıqları hallarda bununla bağlı hüquq-mühafizə orqanlarını məlumatlandırmağa çağırmışdı.
Baş Prokurorluq oktyabrın 8-də Astara rayonunun Sım kənd sakini, 1995-ci il təvəllüdlü Böyükağazadə Natiq Nəbi oğlu tamah məqsədi ilə yaşadığı kənddə yerləşən meşə zonasında atasına məxsus ov tüfəngindən atəş açmaqla ovlanması tamamilə qadağan olunmuş, Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı kitabına daxil edilmiş bəbiri öldürməsi barədə məlumat yayıb.Bundan sonra o, bəbirin dərisini oktyabrın 9-da Astara rayonunun Çükəş kəndində qohumu Səməd Fərəcovla birlikdə satmaq istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı.Bundan sonra o, bəbirin dərisini oktyabrın 9-da Astara rayonunun Çükəş kəndində qohumu Səməd Fərəcovla birlikdə satmaq istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı.
Mənbə: ANS PRESS